Tofiq Musayevin rəqibi: “O, sərt döyüşçüdür, bizi möhtəşəm qarşılaşma gözləyir”

28 İyul 2026 13:36
99
Tofiq Musayevin rəqibi: “O, sərt döyüşçüdür, bizi möhtəşəm qarşılaşma gözləyir”

Slovakiyalı MMA döyüşçüsü Ludovit Klayn azərbaycanlı Tofiq Musayevlə keçirəcəyi döyüş barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, yüngül çəkidə keçiriləcək qarşılaşma avqustun 1-də Belqradda təşkil olunacaq "UFC Fight Night" turniri çərçivəsində baş tutacaq.

Klayn bildirib ki, Tofiq Musayevin təcrübəsinə və indiyədək qazandığı nailiyyətlərə böyük hörmətlə yanaşır.

“O, təkcə UFC-də deyil, digər təşkilatlarda da böyük təcrübə toplamış döyüşçüdür. Karyerası ərzində çoxsaylı qarşılaşmalara çıxıb və kifayət qədər tanınmış idmançıdır. Çox sərt rəqibdir. Düşünürəm ki, bizi möhtəşəm döyüş gözləyir”, - deyə slovakiyalı döyüşçü "Markiza" telekanalına müsahibəsində bildirib.

Bu görüş Klayn üçün 2025-ci ilin oktyabrında keçirilən "UFC 321" turnirindən sonra ilk döyüş olacaq. O, həmin turnirdə polşalı Mateuş Rebetskini hakimlərin səs çoxluğu ilə məğlub edib. Slovakiyalı döyüşçü üçüncü raundda sağ ayaq biləyindən sümük sınığı və oynaq çıxığı alsa da, şiddətli ağrılara baxmayaraq, mübarizəni sonadək davam etdirib. Qarşılaşmadan sonra isə əməliyyat olunub.

Slovakiya idman mediası Musayevi Klayn üçün son dərəcə təhlükəli rəqib hesab edir. Yazılarda onun aqressiv döyüş tərzi, fiziki gücü və ayaqüstü döyüşdə rəqibin ən kiçik səhvindən belə məharətlə yararlanması xüsusi vurğulanır. Bildirilir ki, Tofiq peşəkar karyerasında qazandığı 23 qələbədən 18-ni nokaut və ya texniki nokautla əldə edib. Eyni zamanda, o, indiyədək cəmi bir dəfə nokautla məğlub olub.

Buna baxmayaraq, bukmeker şirkətləri qarşıdakı döyüşdə Klaynı favorit hesab edirlər. İyulun 28-nə olan məlumata əsasən, onun qələbəsinə 1,40, Tofiq Musayevin qələbəsinə isə 2,80 əmsalı müəyyənləşdirilib.

Belqraddakı qarşılaşma Musayev üçün UFC-də üçüncü döyüş olacaq. Azərbaycanlı idmançı təşkilatdakı debütünü 2025-ci ilin iyununda Bakıda keçirilən ilk UFC turnirində edib. O, həmin görüşdə qırğızıstanlı Mıktıbek Orolbaya birinci raundda ağrılı fənd nəticəsində məğlub olub.

Tofiq UFC-də ilk qələbəsini isə bu ilin martında Sietldə qazanıb. O, çilili İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə məğlub edib. Musayev döyüşdən sonra bildirib ki, qarşılaşma zamanı əli sınsa da, mübarizəni yarımçıq qoymayaraq döyüşü qələbə ilə başa vurub.

İdman.Biz