Azərbaycanlı Makqreqor: Məhəmmədəli Osmanlı necə UFC realiti-şousunun qəhrəmanına çevrildi? – İDMAN.BİZ-in İCMALI

18 İyul 2026 11:42
101
Azərbaycanlı Makqreqor: Məhəmmədəli Osmanlı necə UFC realiti-şousunun qəhrəmanına çevrildi? – İDMAN.BİZ-in İCMALI

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlının Artem Belax üzərində qazandığı qələbə UFC-nin əfsanəvi “The Ultimate Fighter 34” realiti-şousunun dördüncü buraxılışındakı yeganə diqqətçəkən hadisə olmayıb.

İdman.Biz xəbər verir ki, şou zamanı Osmanlının ailə tarixinin indiyədək çoxlarına məlum olmayan məqamları, digər iştirakçılarla münasibətləri və oktaqondan kənardakı davranışı barədə maraqlı detallar üzə çıxıb. Bundan əlavə, komanda yoldaşı azərbaycanlını Konor Makqreqora bənzədib, "The Ultimate Fighter"ın rəsmi hesabı isə bu müqayisəni videolarından birinin başlığına çıxarıb.

Ən gözlənilməz məqamlardan biri Osmanlının ailəsi ilə bağlı olub. Dördüncü epizodda 21 yaşlı döyüşçü bildirib ki, atası vaxtilə milyonçu olub. Lakin Məhəmmədəli hələ uşaq olarkən atasının buraxdığı səhvlər səbəbindən ailə bütün var-dövlətini itirib. Nəticədə onlar evlərini və avtomobillərini satmağa məcbur olublar, demək olar ki, bütün maddi imkanlarını itiriblər. Həmin çətin dövrdə gələcəyin döyüşçüsünə ən böyük dəstəyi əmisi göstərib.

Azərbaycanlının xarakterini ən parlaq şəkildə Maykl Bispinqin komandasındakı tərəfdaşı Ksavye Franklin təsvir edib. Onun sözlərinə görə, Osmanlı rəqibləri ilə danışmağı sevir, böyük eqo nümayiş etdirir və açıq şəkildə özünü digər iştirakçıların hamısından güclü hesab etdiyini bildirir.

Bununla belə, Franklin vurğulayıb ki, münaqişəli vəziyyətlərdən kənarda Məhəmmədəli pis insan deyil. Sadəcə kameralar işə düşən kimi davranışı tamamilə dəyişir.

“Kameralar açılanda o, sadəcə Konor Makqreqora çevrilir”, – deyə ABŞ-li döyüşçü bildirib.

Bu müqayisə daha sonra şounun rəsmi resurslarında da davam etdirilib. “The Ultimate Fighter” hesabı Osmanlıya həsr olunmuş videonu “O, növbəti Konor Makqreqordur?” sualı ilə paylaşıb və azərbaycanlı döyüşçünün parlaq çıxışından sonra yüksək qiymətlər aldığını vurğulayıb.

Maykl Bispinq də yetirməsinə olan heyranlığını gizlətməyib. Belaxla döyüşdən əvvəl keçmiş UFC çempionu Osmanlını inanılmaz döyüşçü adlandırıb və onun özünəinamının son dərəcə yüksək olduğunu bildirib.

Bununla yanaşı, Osmanlının özünəinamı dəfələrlə gərgin vəziyyətlərə səbəb olub. Franklinin sözlərinə görə, Daniel Kormyenin komandasının üzvləri demək olar ki, hər gün rəqiblərini təxribata çəkməyə çalışıblar və Məhəmmədəli onların əsas hədəflərindən birinə çevrilib.

Xüsusilə çəkiölçmə mərasimində vəziyyət daha da gərginləşib. Növbəti söz atışmasından sonra Osmanlı Kormyenin komandasına tərəf bir neçə butulka atıb. Hadisə kütləvi davaya çevrilə bilərdi və Bispinq şəxsən müdaxilə edərək azərbaycanlı döyüşçünü sakitləşdirməli olub. Franklin bildirib ki, ekranda görünən gərginlik reytinq naminə süni şəkildə yaradılmayıb. Komandalar arasında həqiqətən də qarşılıqlı antipatiya olub və mövsümün çəkilişləri boyunca təxribatlar davam edib.

Osmanlının səs-küylü davranışının arxasında rəqiblərini diqqətlə analiz etmək bacarığı da dayanır. O, döyüşdən əvvəl Belaxın çəki salmaqda ciddi problemlər yaşadığını görmüşdü. Rəsmi çəkiölçmənin keçirildiyi günün səhəri Kormye komandasının bir nömrəli döyüşçüsünün hələ təxminən yeddi funtdan (üç kiloqramdan çox) artıq çəki atmalı olduğu məlum idi.

Franklinin sözlərinə görə, Məhəmmədəli əvvəlcədən bildirmişdi ki, ağır çəki salma prosesi Belaxın tez yorulmasına səbəb olacaq. Azərbaycanlı rəqibinə daim təzyiq göstərməyi, onu çox işləməyə məcbur etməyi, korpusa zərbələr endirməyi və daha sonra görüşü vaxtından əvvəl başa vurmağı planlaşdırırdı. Franklin qeyd edib ki, Osmanlı döyüşün ssenarisini demək olar ki, sözbəsöz proqnozlaşdırmışdı. Belax həqiqətən də qısa müddətdə yoruldu, Məhəmmədəli isə bundan maksimum yararlanaraq onun arxasına keçdi və ilk raundda boğucu fəndlə qələbə qazandı.

Yeri gəlmişkən, döyüşdən sonra UFC prezidenti Dana Uayt vurğulayıb ki, Azərbaycan təmsilçisi heç bir qorxu nümayiş etdirmədi və çıxışı ilə şouda qalib gəlmək iddiasını ciddi şəkildə ortaya qoydu. Osmanlının özü isə UFC rəhbərinə müraciət edərək ona müqavilə verilməsini tələb edib.

Daha bir qeyri-adi hadisə Las-Veqas yaxınlığındakı Adrenaline Mountain ərazisində keçirilən komanda qaçışı zamanı yaşanıb. Osmanlı və Franklin marşrutu ilk tamamlayaraq geri qayıdıblar. Bir qədər sonra iştirakçılar qadınlar arasında minimal çəki dərəcəsində çıxış edən Makkenzi Stillerin yolu azdığını və komandanın yanında olmadığını görüblər.

Osmanlı həyəcan siqnalı verən və itkin düşən iştirakçını səsləyən qrupun tərkibində olub. Komandanın və məşqçilər heyətinin bir hissəsi onu axtarmaq üçün geri qayıdıb. Az sonra Stiller döngənin arxasından çıxıb. Məlum olub ki, o, verilən göstərişləri səhv başa düşərək dönmək əvəzinə düz qaçmağa davam edib. Qız salamat tapılıb və yenidən komandanın yanına gətirilib.

Qeyd edək ki, Belax üzərində qələbədən sonra Osmanlı kişilər arasında keçirilən turnirin yarımfinalına yüksəlib. Ondan başqa, növbəti mərhələyə Kormye komandasından Kristian Stronq və Bispinq komandasından Məhəmmədəlinin komanda yoldaşı İlimbek Akılbek uulu da vəsiqə qazanıb. Azərbaycanlı döyüşçünün yarımfinaldakı rəqibi dörddəbir final mərhələsi başa çatdıqdan sonra müəyyənləşəcək. TUF 34-ün finalçıları UFC ilə müqavilə uğrunda döyüşəcəklər, lakin həlledici qarşılaşmaların tarixi hələ açıqlanmayıb.

Beləliklə, Osmanlı artıq mövsümün ən diqqətçəkən simalarından birinə çevrilib. Onun hekayəsi ailə çətinliklərini, idman zəkasını, parlaq davranışı və ətrafında gərginlik yaratmaq bacarığını özündə birləşdirir. Kormye komandasının bir nömrəli döyüşçüsünü məğlub etməsi azərbaycanlını yarımfinala yüksəldib, Makqreqorla müqayisə olunması isə təşkilatçıların onda təkcə perspektivli döyüşçü deyil, həm də tamaşaçıların diqqətini cəlb edə biləcək bir sima gördüklərini göstərir. Bu isə UFC kimi təşkilat üçün son dərəcə vacib amildir.

İdman.Biz