Bakıda Şara Bulletə uduzan Mişel Pereyra UFC-dən göndərildi - VİDEO

15 İyul 2026 11:34
520
Bakıda Şara Bulletə uduzan Mişel Pereyra UFC-dən göndərildi - VİDEO

Braziliyalı MMA döyüşçüsü Mişel Pereyra UFC ilə əməkdaşlığını başa vurub.

İdman.Biz xəbər verir ki, 32 yaşlı idmançı ilə yeni müqavilə imzalanmayıb. Pereyra UFC-də 2019-cu ildən çıxış edib və təşkilat daxilində keçirdiyi 16 döyüşün 10-da qalib gəlib, altısında məğlub olub.

Onun UFC-dəki son qarşılaşması iyunun 27-də Bakıda baş tutub. Pereyra “UFC Fight Night Baku” turnirində rusiyalı Şarabutdin Maqomedova - Şara Bulletə hakimlərin yekdil qərarı ilə uduzub. Hər üç hakim döyüşü 29:28 hesabı ilə Maqomedovun xeyrinə qiymətləndirib.

Pereyra həmin görüşdən əvvəl UFC ilə yalnız bir döyüşlük müqavilə bağlamışdı. Onun əvvəlki sazişi 2026-cı ilin fevralında Zak Riz üzərində hakimlərin ayrı qərarı ilə qazandığı qələbədən sonra başa çatmışdı.

Braziliyalı döyüşçü Bakıdakı qarşılaşmadan sonra referi Herb Dinin fəaliyyətini sərt tənqid edib. Pereyranın sözlərinə görə, hakim Maqomedova saçdan tutduğuna görə bir neçə dəfə xəbərdarlıq etsə də, onun hesabından xal silməyib. O, həmçinin gözə barmaqla zərbə epizodunun da cəzasız qaldığını bildirib.

“Gecənin döyüşü” adına layiq görülən qarşılaşmanın qalibi “Şara Bullet” 100 min dollar məbləğində bonus qazanıb.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutub. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanı məğlub edib. Nazim Sadıxov braziliyalı Mateus Kamiloya uduzub. Gecənin əsas qarşılaşmasında isə Rafael Fiziyev meksikalı Manuel Torres üzərində qələbə qazanıb.

İdman.Biz