UFC-nin rəhbəri Dana Uayt Konor Makqreqorun Maks Holloueyə qarşı döyüşdə aldığı zədə ilə bağlı ilkin məlumat verib.
İdman.Biz xəbər verir ki, Las-Veqasda keçirilən UFC 329 turnirinin əsas döyüşü cəmi 69 saniyə davam edib. Sağ dizindən zədələnən Makqreqor qarşılaşmanı davam etdirə bilməyib və ABŞ-li Hollouey texniki nokautla qalib elan olunub.
“Bu idman növündə beşillik fasilə çox çətindir. Ən azı bir raund əsl müharibə gözləyirdim. Sonrakı raundlarda Konorun fiziki hazırlığının necə olacağını bilmirdik. Ancaq hər şey belə başa çatdı. Onun ön çarpaz bağının qopduğunu ehtimal edirik. Mən həkim deyiləm, amma gördüyüm zaman bunu düşündüm. Həkimlərin də fikri eynidir”, - deyə Dana Uayt döyüşdən sonrakı mətbuat konfransında bildirib.
Makqreqor qarşılaşmanın əvvəlində fırlanaraq tullanma zərbəsi endirməyə çalışıb. İrlandiyalı idmançı yerə enərkən ağırlığını uğursuz şəkildə sağ dizinin üzərinə salıb. O, bundan sonra mübarizəni davam etdirməyə çalışsa da, ayaq üstə dayana bilməyib. Referi Mayk Beltran ilk raundun 69-cu saniyəsində döyüşü dayandırıb.
Dana Uayt dəqiq diaqnozun maqnit-rezonans tomoqrafiyasından sonra müəyyənləşəcəyini qeyd edib. Makqreqor komandəsinin köməyi ilə oktaqonu tərk edib və tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb. 37 yaşlı döyüşçünün arenadan çıxarkən ona təklif edilən qoltuq ağaclarından istifadə etmədiyi bildirilib.
Bu, Makqreqorun 2021-ci ilin iyulundan sonra ilk döyüşü olub. O, həmin vaxt Dastin Puaryeyə qarşı qarşılaşmada sol ayağını sındırmış və uzun müddət yarışlardan kənarda qalmışdı. Keçmiş iki çəki dərəcəsi üzrə UFC çempionu beşillik fasilədən sonra oktaqona qayıtsa da, yenidən ayaq zədəsi səbəbindən məğlubiyyətlə üzləşib.
Makqreqor və Hollouey ilk dəfə 2013-cü ildə qarşılaşıblar. Həmin döyüşdə irlandiyalı idmançı hakimlərin yekdil qərarı ilə qalib gəlsə də, dizinin ön çarpaz bağını qoparmışdı. UFC 329-dakı nəticədən sonra döyüşçülər arasındakı şəxsi görüşlərdə hesab 1:1 olub. Makqreqorun mümkün qayıdış tarixi zədənin dəqiq ağırlığı müəyyənləşdirildikdən sonra açıqlanacaq.
