ABŞ-də Ağ Evin ərazisində keçirilən UFC turnirinə terror hücumu hazırlamaqda şübhəli bilinən səkkiz nəfərə qarşı ittiham irəli sürülüb.
İdman.Biz xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Federal böyük münsiflər heyətinin hazırladığı ittiham aktına əsasən, şübhəlilər terrorçulara maddi dəstək göstərmək və dövlət rəsmilərini öldürmək məqsədilə sui-qəsd hazırlamaqda günahlandırılırlar.
İstintaqın versiyasına görə, qrup üzvləri iyunun 14-də Ağ Evin cənub çəmənliyində keçirilən “UFC Freedom 250” turnirinə hücum etməyi planlaşdırıblar. Onların partlayıcı qurğularla təchiz edilmiş dronlardan istifadə edərək təxribat yaratmaq, daha sonra isə ərazini tərk edən insanları snayperlərlə atəşə tutmaq niyyətində olduqları iddia edilir.
Hücumun əsas hədəfləri arasında ABŞ prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, İsrailin baş naziri Benyamin Netanyahu, iş adamı İlon Mask və digər yüksəkvəzifəli şəxslərin olduğu bildirilir.
ABŞ Federal Təhqiqatlar Bürosu planlaşdırılan hücumun qarşısını turnirdən dörd gün əvvəl alıb. İstintaq çərçivəsində saxlanılan səkkizinci şübhəlinin hücum zamanı snayper kimi iştirak etməli olduğu qeyd olunur.
Təqsirləndirilən şəxsləri ittihamların sübuta yetiriləcəyi halda 15 ildən ömürlük həbsə qədər cəza gözləyə bilər.
