Makqreqor Holloueyin eynəyini çıxarıb yerə atdı, rəqibləri ayırdılar - VİDEO

10 İyul 2026 10:16
83
Makqreqor Holloueyin eynəyini çıxarıb yerə atdı, rəqibləri ayırdılar - VİDEO

Qarışıq döyüş növləri üzrə UFC-nin keçmiş çempionları Konor Makqreqor və Maks Hollouey arasında baxış dueli keçirilib.

İdman.Biz xəbər verir ki, hadisə UFC 329 turnirindən əvvəl təşkil olunan mətbuat konfransından sonra baş verib.

Döyüşçülərin üz-üzə gəldiyi zaman Makqreqor aqressiv davranıb. İrlandiyalı rəqibinin eynəyini çıxararaq yerə atıb və ona doğru hərəkət edib. UFC prezidenti Dana Uayt və təhlükəsizlik əməkdaşları müdaxilə edərək idmançıları ayırıblar.

Konor Makqreqorla Maks Hollouey arasında revanş döyüşü iyulun 11-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək UFC 329 turnirinin əsas qarşılaşması olacaq. “T-Mobile Arena”da baş tutacaq döyüş yarımorta çəki dərəcəsində təşkil ediləcək.

37 yaşlı Makqreqor 2021-ci ildən sonra ilk dəfə oktaqona çıxacaq. O, UFC-də yarımyüngül və yüngül çəki dərəcələrində çempionluq kəmərinə sahib olub. 34 yaşlı Hollouey isə yarımyüngül çəkidə keçmiş UFC çempionudur.

Döyüşçülər ilk dəfə 2013-cü ilin avqustunda UFC “Fight Night 26” turnirində qarşılaşıblar. Üç raund davam edən görüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlib.

İdman.Biz
Məqalədə: