Qarışıq döyüş növləri üzrə UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor Maks Holloueyə məğlub olub.
İdman.Biz xəbər verir ki, Las-Veqasdakı “T-Mobayl Arena”da təşkil olunan UFC 329 turnirinin əsas döyüşü birinci raundda texniki nokautla başa çatıb.
Makqreqor qarşılaşmanın əvvəlində tullanaraq zərbə vurmağa cəhd edərkən yerə uğursuz enib və dizindən zədələnib. Hərəkət etməkdə çətinlik çəkən irlandiyalı döyüşçü mübarizəni davam etdirə bilməyib.
Referi döyüşü birinci raundun 69-cu saniyəsində dayandırıb. Beləliklə, Hollouey texniki nokautla qalib elan olunub. Rəsmi nəticədə qələbənin zədə səbəbindən qeydə alındığı göstərilib.
Bu, Makqreqorun beş illik fasilədən sonra keçirdiyi ilk döyüş olub. O, sonuncu dəfə 2021-ci ilin iyulunda Dastin Porye ilə qarşılaşmada ayağını sındıraraq məğlub olmuşdu.
Makqreqor və Hollouey daha əvvəl 2013-cü ildə üz-üzə gəliblər. Həmin qarşılaşmada irlandiyalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi.
Hollouey 2025-ci ildə Dastin Poryeni məğlub edib, 2026-cı ilin martında isə Çarlz Oliveyraya hakimlərin yekdil qərarı ilə uduzub.
Bu nəticədən sonra Makqreqorun peşəkar karyerasındakı göstəricisi 22 qələbə və yeddi məğlubiyyət olub. Hollouey isə 28-ci qələbəsini qazanıb. ABŞ-li döyüşçünün hesabında doqquz məğlubiyyət var.
