Azərbaycan MMA-sının acı reallığı: Qran-pri təhlükədə Şəhriyar Abbasovun İDMAN.BİZ-ə AÇIQLAMASI

17 İyul 2026 11:48
102
Azərbaycan MMA-sının acı reallığı: Qran-pri təhlükədə Şəhriyar Abbasovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan MMA Federasiyasının vitse-prezidenti Şəhriyar Abbasov sentyabrın 27-dən etibarən ölkədə peşəkar MMA üzrə ilk Qran-priyə start verməyi və gələcəkdə bu cür turnirləri hər ay keçirməyi planlaşdırır. Nəzərdə tutulur ki, döyüşçülər keçirdikləri döyüşlərin statistikasını artıracaq və yarış təcrübəsi qazanacaqlar. Lakin layihənin həyata keçirilməsi gözlənildiyindən daha çətin olub.

Şəhriyar Abbasov İdman.Biz-ə açıqlamasında etiraf edib ki, potensial iştirakçıların hazırlıq səviyyəsi Azərbaycan MMA-sında mövcud olan ciddi problemləri üzə çıxarıb.

“Qeydiyyat davam edir, amma idmançılar çox zəif formadadırlar. Artıq turniri keçirmək belə istəmirəm. Baxacağıq, heç olmasa on layiqli cütlük tapa biləcəyikmi. İstəyirik ki, yarışa yüksək səviyyədə başlayaq, belə vəziyyətdə yox”, – deyə o bildirib.

Abbasovun sözlərinə görə, peşəkar MMA-da yaranmış vəziyyət birbaşa ölkədə həvəskar MMA-nın kifayət qədər inkişaf etməməsi ilə bağlıdır. O hesab edir ki, Azərbaycanda daha çox döyüş keçirilməli, idmançılar isə mütəmadi olaraq Avropa və dünya çempionatlarında çıxış etməlidirlər. Çünki yalnız güclü həvəskar MMA bazası üzərində rəqabətədavamlı peşəkar istiqamət qurmaq mümkündür.

Federasiya vitse-prezidentinin fikrincə, bu problemi Həvəskar MMA üzrə Beynəlxalq Federasiyanın (IMMAF) sistemi çərçivəsində tamhüquqlu fəaliyyət həll edə bilər. Lakin Abbasovun sözlərinə görə, hazırda Azərbaycanda üstünlük daha az nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa verilir.

“IMMAF 2012-ci ildə yaradılıb və bu gün artıq bir çox ölkələr, o cümlədən qonşularımız bu sistem üzrə fəaliyyətlərini qurublar. Təşkilat dünyanın ən güclü ölkələrini birləşdirir. Hətta olimpiya idman növlərində belə, hər zaman bu qədər iştirakçının qatıldığı yarışlara rast gəlmək olmur. Buna baxmayaraq, federasiyanın fəaliyyət göstərdiyi bütün dövr ərzində Azərbaycanın hələ də kişilər arasında IMMAF versiyası üzrə bir dənə də olsun dünya çempionu yoxdur. Eyni zamanda, zəif strukturlar mövcuddur və nədənsə ölkəmizdə üstünlük məhz onlara verilir. Halbuki, IMMAF həvəskar MMA üzrə ən böyük təşkilatdır və UFC tərəfindən dəstəklənir. Azərbaycanda MMA və Qrapplinq Federasiyası fəaliyyət göstərir, o, pankrationu da özündə birləşdirir. Amma MMA müstəqil şəkildə inkişaf etməli və IMMAF-la sıx əməkdaşlıq etməlidir”, – deyə Abbasov hesab edir.

O, həmçinin bildirib ki, turnirləri dostlarının və həmfikirlərinin dəstəyi sayəsində təşkil edir. Halbuki, bu işlə tamhüquqlu idman təşkilatı məşğul olmalıdır.

“Peşəkar MMA-nı da inkişaf etdirmək lazımdır. Bir neçə ildən sonra idmançılarımız kifayət qədər təcrübə topladıqda onların çıxış edə, döyüş statistikasını artıra və daha sonra iri beynəlxalq təşkilatlara keçə biləcəkləri platformaya ehtiyac yaranacaq. Biz azərbaycanlı döyüşçüləri UFC-də və dünyanın digər aparıcı promouşenlərində görmək istəyirik. Məqsədimiz güclü həvəskar MMA-dan başlayaraq Azərbaycanda döyüşçünün inkişafı üçün tam bir sistem yaratmaqdır”, – deyə o vurğulayıb.

Məhz bu səbəbdən Şəhriyar Abbasov paralel olaraq həvəskar turnirlərin təşkilini də davam etdirir. Onun sözlərinə görə, peşəkar səviyyəyə yalnız lazımi təcrübə və uyğun fiziki hazırlıq əldə etdikdən sonra keçmək olar. Üstəlik, qaydalara əsasən, döyüşçülər peşəkar karyeraya başladıqdan sonra yenidən həvəskar yarışlara qayıda bilmirlər.

“Son həvəskar turnir məni çox sevindirdi. Gənclərimiz əla mübarizə apardılar. Amma bu gün həmin uşaqları Qran-primizə yazılan peşəkarlarla qarşılaşdırsanız, həvəskarlar sadəcə qalib gələrlər. Peşəkar döyüşçülərin səviyyəsi bu qədər acınacaqlıdır. Mən turnir təşkil edib peşəkarlara reytinq xalları qazanmaq imkanı verə bilərəm. Amma sonra onlar güclü rəqiblərlə üz-üzə gələndə çox ağır məğlubiyyət alacaqlar. Xarici döyüşçülərin təcrübəsi tamamilə fərqlidir. Onlar isə artıq həvəskar idmana qayıda bilməyəcəklər. Belə olan halda, bu uşaqların gələcəyi olmayacaq. Ola bilsin, bir-iki nəfər irəli getsin, amma kütləvi inkişaf baş verməyəcək”, - deyə o bildirib.

Abbasov əlavə edib ki, peşəkar Qran-prinin keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarı avqustun ortalarında verəcək. Turniri təşkil etmək mümkün olmasa belə, həvəskar MMA-nın inkişafı istiqamətində işlər davam etdiriləcək.

“Azərbaycana peşəkar təşkilat lazımdır. Onun necə adlanacağı və kim tərəfindən idarə olunacağı prinsipial məsələ deyil. Əgər maliyyəni təmin edə biləcək biri tapılarsa, qoy həmin təşkilatı başqası yaratsın. Mən kömək etməyə və hətta kölgədə qalmağa da hazıram. Əsas odur ki, düzgün sistem qurulsun”, - deyə Abbasov fikirlərini yekunlaşdırıb.

İdman.Biz