Bu gün, iyunun 27-də Bakıda keçiriləcək “UFC Fight Night: Fiziev vs. Torres” turniri təkcə idman proqramı ilə deyil, həm də iştirakçılarının maraqlı həyat hekayələri ilə diqqət çəkir.
İdman.Biz xəbər verir ki, UFC-nin 2025-ci ildə Azərbaycandakı debütündən sonra dünyanın ən güclü MMA liqası müxtəlif taleləri özündə birləşdirən döyüş kartı ilə yenidən paytaxta qayıdır. Burada ciddi göz zədəsi, taksi sürücülüyü, avtomobildə və sığınacaqda yaşamaq, bazarda işləmək, geyk mədəniyyəti, regional promouşenlərdən keçən uzun yol və əlbəttə ki, Bakıda əsas döyüşün qəhrəmanı olmamışdan xeyli əvvəl “Matrisa” üslubundakı müdafiəsi ilə viral fenomenə çevrilən Rafael Fiziyev kimi hekayələr var.
Şara Bullet: Bir göz və uyğunlaşma yolu
Bakı turnirinin ən parlaq simalarından biri Şara Maqomedov, daha çox tanındığı adla Şara Bulletdir. Onun hekayəsi çoxdan adi idman bioqrafiyasının sərhədlərini aşıb. O, ciddi görmə problemi yaşamasına baxmayaraq, ən yüksək səviyyədə çıxışını davam etdirir. Mətbuatın məlumatına görə, Şara 2016-cı ildə Taylandda məşq zamanı sağ gözündən ağır zədə alıb, bir neçə əməliyyat keçirib və faktiki olaraq məhdud görmə ilə karyerasını davam etdirməyə məcbur olub.
MMA üçün bu, demək olar ki, paradoksdur. Elə bir idman növündə ki, saniyənin yüzdə biri döyüşün taleyini həll edir, periferik görmə isə çox vaxt nokautdan xilas edir, Şara təkcə uyğunlaşmayıb, həm də UFC-nin ən qeyri-adi zərbə ustalarından birinə çevrilib. Onun döyüş üslubunu tanımaq çətin deyil: qeyri-standart hücum bucaqları, daimi təzyiq, fırlanaraq endirilən zərbələr və riskə getməkdən çəkinməməsi.
UFC-dəki karyerasının əsas məqamı Armen Petrosyanı ikiqat spinning backfist (fırlanaraq endirilən ikiqat əl zərbəsi) ilə nokaut etməsi olub. Bu, sadəcə möhtəşəm finiş deyil, dərhal sosial şəbəkələrdə yayılan epizod idi. Şaranın sözlərinə görə, bu zərbəni ona hələ muay-tayla yeni məşğul olmağa başlayanda böyük qardaşı öyrədib, lakin uzun müddət döyüşdə tətbiq etmək mümkün olmayıb.
Kaan Ofli: Avtomobildə həyat, sığınacaq və qapını bədəni ilə qoruyan ana
Bakı turnirinin ən təsirli insan hekayələrindən biri türk əsilli avstraliyalı Kaan Ofliyə məxsusdur. Onun bioqrafiyası adi idmançı yolundan daha çox sağ qalma mübarizəsinə bənzəyir. Valideynləri ayrıldıqdan sonra ailəsi çox ağır vəziyyətə düşüb. Oflinin anası, Türkiyədən köçmüş Ela ingilis dilini zəif bildiyi üçün dəstəksiz qalıb və oğlu Kaanla qızı Zeynəblə birlikdə evsizlik həyatı yaşayıb.
Onlar əvvəlcə avtomobildə, sonra kilsədə, daha sonra isə sığınacaqda yaşayıblar. Ofli həmin dövrün ən dəhşətli anlarından birini belə xatırlayır: anası uşaqları otağa salıb qapını bağlayır və çöldəki naməlum kişinin içəri girməsinin qarşısını almaq üçün kürəyini qapıya söykəyir. Döyüşçünün sözlərinə görə, o, uşaqlarını qorumaq üçün qapını bədəni ilə saxlayırdı.
Bu detal onun xarakterini çox yaxşı izah edir. Ofli erkən yaşda məktəbi yarımçıq qoyaraq anasına və bacısına kömək etməyə başlayıb, daş ustasının köməkçisi işləyib və yaşıdlarından tez böyüyüb. İdman onun üçün sadəcə hobbi deyil, sınmamağın yolu olub. O özü də deyirdi ki, məşqlər, sparrinqlər və güləş onun üçün bir növ meditasiya idi – xaosdan çıxıb daxili gərginliyi faydalı istiqamətə yönəldə bildiyi yer.
Həyatında dönüş nöqtəsi 17 yaşında baş verib. O, orduya yazılmaq istəyərkən məşqçisi onu fikrindən daşındırıb, ciu-citsu təlimatçısı kimi iş və yaşayış yeri təklif edib. Daha sonra həyat yoldaşı Məryəm onu əvvəlcə tərəddüd etsə də, The Ultimate Fighter 32 layihəsinə müraciət etməyə razı salıb. Məhz həmin qərar onu beynəlxalq auditoriyaya çıxarıb və UFC-yə yaxınlaşdırıb.
Mateus Kamilo: Las-Veqasda taksidən UFC-yə
Bu gün azərbaycanlı Nazim Sadıxovun rəqibi olacaq Mateus Kamilonun hekayəsi sadəcə “aşağıdan zirvəyə yüksələn döyüşçü” süjeti deyil. ABŞ-yə köçdükdən sonra braziliyalı bir neçə il Las-Veqasda yaşayıb və məşq edib. Lakin təkcə döyüşlərdən qazandığı gəlir ona kifayət etməyib. Hətta UFC ilə müqavilə bağladıqdan sonra belə, özünü tam təmin edə bilmədiyi üçün taksi sürücüsü kimi işləməyə davam edib və bunu məşqlərlə birləşdirib.
Kamilo bunu çox sadə izah edib: doğma ölkəsindən kənarda yaşamaq onun üçün ciddi sınaq idi, sürücülük isə ayaqda qalmağın yolu. O deyirdi ki, “hələlik yalnız döyüşlərlə dolanmaq mümkün deyil”, buna görə də gündüz məşq edir, axşamlar və ya boş vaxtlarında sərnişin daşıyaraq ABŞ-nin ən bahalı şəhərlərindən birində həyatını təmin etməyə çalışırdı.
Dönüş nöqtəsi Cənubi Koreyada Dorobşox Nabotovla döyüş olub. O vaxt UFC döyüşçüsü olmayan Nabotov əvvəllər açıq şəkildə Dana Uaytdan ona şans verməsini xahiş etmişdi və nəticədə hər iki idmançı bu imkanı əldə etdi. Ancaq hakimlərin qərarı ilə qalib gələn Kamilo UFC müqaviləsini qazandı. Braziliyalının sözlərinə görə, döyüşdən sonra "Koreyalı Zombi" ləqəbli Çon Çxan Son ona yaxınlaşaraq Dana Uaytın onunla danışmaq istədiyini bildirib. Kamilo UFC prezidentini ekranda görəndə həyatının dəyişdiyini anlayıb.
Beləliklə, Las-Veqasda taksi sürən bir insanın hekayəsi UFC döyüşçüsünün hekayəsinə çevrildi. Bir müddət əvvəl o, taksi sürməklə məşqləri birləşdirirdisə, artıq dünyanın ən böyük promouşenində çıxış edirdi. Buna görə də Kamilo üçün hər oktaqona çıxış sadəcə rekordunu yaxşılaşdırmaq cəhdi deyil, taksidən UFC-yə gedən yolun həqiqətən mövcud olduğunu sübut etməkdir.
Çarlz Conson: Komikslər, anime, maliyyə çətinlikləri və rahat nəfəs almaq şansı
Çarlz Conson turnirin qəfəsdən kənardakı ən qeyri-adi simalarından biridir. Döyüşdə o, ən yüngül çəkidə sərt və təcrübəli idmançı, keçmiş LFA çempionu və dəfələrlə perspektivli rəqiblərin planlarını pozmuş döyüşçüdür. Amma oktaqondan kənarda tamam fərqli obrazı var.
Conson geyk mədəniyyətinə(video oyunlar) sevgisini gizlətmir. “League of Legends”, “Harri Potter”, “One Piece”, “Yu-Gi-Oh!” və komikslər onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Döyüşçülərin çox vaxt aqressiya və sərtlik üzərindən təqdim olunduğu MMA üçün bu obraz fərqli görünür. Conson göstərir ki, UFC-də döyüşən insan eyni zamanda kart oyunlarının, anime və fantastikanın böyük həvəskarı ola bilər.
Lakin onun hekayəsi yalnız maraqlı hobbilərdən ibarət deyil. Əhəmiyyətli qələbələrindən birinin ərəfəsində ciddi maliyyə problemi yaşamışdı. Mətbuat yazırdı ki, bank hesabı mənfi balansda idi və menecerindən borc almağa məcbur qalmışdı. Buna baxmayaraq, autsayder kimi çıxdığı döyüşdə nokautla qalib gəldi və 50 min dollar bonus qazandı.
Bu hadisə göstərir ki, hətta UFC səviyyəsində belə döyüşçü həyatı nə qədər çətin ola bilər. Parlaq afişaların və televiziya yayımlarının arxasında çəki salma prosesi, uçuşlar, məşqlər, qeyri-müəyyənlik və maliyyə təzyiqi dayanır.
Asu Almabayev: “Altın-Orda” bazarından UFC zirvəsinə
Asu Almabayevin hekayəsi adi iş, ailə məsuliyyəti və böyük idman arzusu arasında balans quran insanın yoludur. Gələcəyin UFC döyüşçüsü Qazaxıstanın Janatalap kəndində doğulub və 10 yaşına qədər nənəsi ilə babasının yanında böyüyüb. O, hələ uşaqlıqdan güləşlə məşğul olmağa başlayıb.
Ailə Almatıya köçəndən sonra Almabayev tam fərqli həyatla üzləşib. Valideynləri “Altın-Orda” bazarında kiçik ticarət nöqtəsi işlədirdilər və Asu da erkən yaşlarından onlara kömək edirdi. Qazaxıstan mətbuatının məlumatına görə, o, 23 yaşına qədər bazarda işləyib, eyni zamanda məşqlərini davam etdirərək güləş, boks, karate, əlbəyaxa döyüş və Braziliya ciu-citsusu üzrə bacarıqlarını inkişaf etdirib.
Abus Maqomedov: Anası üçün köç və Almaniyada yeni həyat
Abus Maqomedovun arxasında təkcə uzun idman karyerası deyil, həm də ailəsinin köçü ilə bağlı şəxsi tarix dayanır. O, Çeçenistanın Arqun şəhərində doğulub və uşaqlıqdan güləşlə məşğul olub. Lakin 15 yaşı olanda ailəsinin həyatı kəskin dəyişib: mənbələrin məlumatına görə, anasının xəstəliyi səbəbindən ailə Almaniyaya köçüb, çünki vətənində onu lazımi səviyyədə müalicə etdirmək mümkün olmayıb.
Bu köç sadəcə daha yaxşı həyat axtarışı deyildi. Bu, zərurətdən doğan ailə qərarı idi. Anası sağaldıqdan sonra ailə Almaniyada qaldı, Abus isə burada güləşə zərbə texnikalarını əlavə edərək inkişafını davam etdirdi.
Nəticədə Almaniya onun üçün sadəcə yaşayış yeri deyil, ikinci idman bazasına çevrildi. O, burada regional promouşenlərdən başlayaraq PFL, KSW və nəhayət UFC-yə qədər yüksəldi. UFC-də debütü isə möhtəşəm alındı: 19 saniyə, ön təpik, ardınca tamamlayıcı zərbələr və gecənin çıxışına görə bonus. Lakin bu sürətli qələbənin arxasında ailənin köçü, uyğunlaşma və demək olar ki, sıfırdan qurulan karyera dayanırdı.
Erik Nolan: Özünü qəfəsdə tapan dəniz piyadası
Erik Nolan MMA-yə qeyri-adi yolla gəlib. Məktəbi bitirdikdən sonra kollecə və ya peşəkar idmana deyil, ABŞ Dəniz Piyadaları Korpusuna qoşulub. Onun sözlərinə görə, altıncı sinifdən hərbçi olmaq arzusunda idi, çünki babası da dəniz piyadası olub. Nolan 17 yaşında xidmətə başlayıb və orduda dörd il keçirib.
Sonradan o etiraf edib ki, məhz dəniz piyadaları onun həyatına istiqamət verib və döyüş idmanına gəlməsinin əsas səbəblərindən biri olub. Xidmətdən sonra Monmouth Universitetinə daxil olsa da, hərbi təcrübə onun şəxsiyyətinin ayrılmaz hissəsi olaraq qalıb. Onun üçün qəfəsdə çıxış etmək təkcə rekord və karyera məqsədi deyil, həm də oxşar həyat yolu keçmiş insanları təmsil etməkdir.
Nolan CFFC təşkilatında adını sıfırdan formalaşdırıb. İlk peşəkar döyüşlərinin hamısını burada keçirib, məğlubiyyətlər yaşayıb, revanşlar alıb və sonda titul şansı qazanıb. Xatırladaq ki, Bakıda onun rəqibi azərbaycanlı döyüşçü Fərman Həsənov olacaq.
Cefferson Nasimento: Arzunun posteri və Bakıya qısa yol
Cefferson Nasimentonun hekayəsi maraqlıdır, çünki o, sanki UFC-dəki şansını əvvəlcədən özü yaxınlaşdırmağa çalışıb. Müqavilə bağlamazdan əvvəl braziliyalı açıq şəkildə dünyanın ən güclü liqasında çıxış etməyə layiq olduğunu deyirdi. Hətta bir vaxtlar Çeyz Huperlə döyüşün saxta posterini paylaşaraq arzusunu reallığa çevirmək istəyirdi.
Sonradan Nasimento izah edib ki, məsələ təkcə Huplə döyüşmək deyildi. Onu daha çox narahat edən hiss başqalarının artıq UFC işıqları altında çıxış etməsi, özünün isə hələ də Braziliya və regional səhnədə mübarizə aparması idi. Məğlubiyyətsiz qalaraq LFA-nın yüngül çəki çempionu oldu və zəng gözləməyə davam etdi.
Həmin zəng iyunun 16-da – Bakı turnirinə cəmi bir həftədən bir qədər çox qalmış gəldi. Nasimento qısa müddətli təklifə razılıq verdi, yüngül çəkidən yarımorta çəkiyə yüksəldi və Tahir Abdullayevə qarşı UFC-də debüt etmək imkanı qazandı. Bu, onun üçün sadəcə ilk oktaqon döyüşü deyil, uzun müddət yaxınlaşdırmağa çalışdığı arzunun gerçəyə çevrildiyi an idi.
Fiziyev və Torres: “Matrisa” Bakıya qayıdır
Bakıda gecənin əsas hadisəsi Rafael Fiziyevlə Manuel Torres arasındakı döyüş olacaq. Yerli azarkeşlər üçün diqqət mərkəzində məhz Fiziyev dayanacaq.
Rafael Qazaxıstanda doğulub, Qırğızıstanda böyüyüb, ata tərəfdən azərbaycanlıdır və hazırda Azərbaycanı təmsil edir. Onun döyüş idmanına yolu asan olmayıb. Uşaqlıqda atası ona və əmioğlularına boks əlcəkləri alır, sparrinq etməyə məcbur edirdi. Lakin Rafael əvvəlcə döyüşməyi sevmirdi. Sonradan məktəbini dəyişdikdən və çətin yeniyetməlik dövrü keçirdikdən sonra muay-taya gəldi və məhz burada idman təməlini formalaşdırdı.
Fiziyev UFC-nin yüngül çəki dərəcəsinin ən parlaq zərbə ustalarından biri kimi tanınır. Böyük qələbələrindən əvvəl belə azarkeşlər onun "Matrisa" üslubundakı müdafiəsinə görə onu tanıyırdı. Rafael yüksək təpikdən elə ustalıqla yayınmışdı ki, həmin epizod bütün MMA dünyasında viral olmuşdu. Bu məqam onun reaksiyasının, plastikliyinin və qeyri-adi zərbə təfəkkürünün simvoluna çevrilib.
Onun oktaqondan kənarda da maraqlı məşğuliyyəti var. Fiziyev dəmirçilik və soyuq silahlara maraq göstərir. Bu, onun obrazına tam uyğundur: qəfəsdə divizionun ən texnikalı zərbə ustalarından biri kimi çıxış edir, idmandan kənarda isə dəqiqlik, səbir və material hissi tələb edən sənətlə məşğul olur.
Rəqibi Manuel Torres isə tamamilə fərqli təhlükə mənbəyidir. "El Loko" ləqəbli meksikalı aqressiv üslubu və döyüşü ilk dəqiqələrdən alovlandırmaq bacarığı ilə tanınır. Buna baxmayaraq, Bakıda əsas süjet yenə də Fiziyevin ətrafında qurulur. O, Azərbaycan azarkeşləri qarşısına reaksiyası, zərbə texnikası, zədələri, qayıdışları və daim öz səviyyəsini sübut etmək istəyi ilə yadda qalan döyüşçü kimi çıxacaq.
Məhz buna görə də gecənin əsas döyüşü təkcə adlara görə deyil, məzmununa görə də böyük maraq doğurur. Bir tərəfdə muay-tay bazasına malik, texnikalı, təcrübəli və yerli azarkeşlərin dəstəyini arxasına alan Fiziyev, digər tərəfdə isə döyüşü ilk dəqiqələrdə bitirməyi bacaran təhlükəli meksikalı finişçi Torres dayanır.
Bakı üçün bu, dünya liqasının təkcə möhtəşəm döyüş kartı deyil, həm də bir-birindən fərqli insan talelərini gətirdiyi daha bir gecədir. Kimi bu səviyyəyə zədə ilə, kimi evsizliklə, kimi taksi sürməklə, kimi isə maliyyə çətinliklərini aşaraq gəlib. Gecənin sonunda isə diqqətlər yenidən Fiziyevə yönələcək – vaxtilə "Matrisa" müdafiəsi ilə bütün dünyanı heyrətləndirən döyüşçü bu dəfə həmin hekayəni Azərbaycan arenasında davam etdirməyə çalışacaq.
