Şarabutdin Maqomedov: “Mişel Pereyranın ən yaxşı döyüşünü nümayiş etdirməsini istəyirəm”

24 İyun 2026 15:02
83
Şarabutdin Maqomedov: “Mişel Pereyranın ən yaxşı döyüşünü nümayiş etdirməsini istəyirəm”

“Mişel Pereyranın ən yaxşı döyüşünü nümayiş etdirməsini istəyirəm”.

İdman.Biz xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək Rusiya təmsilçisi Şarabutdin Maqomedov mətbuat konfransında deyib.

O, qarşıdakı görüşə tam kökləndiyini və Bakını qələbə ilə tərk etmək istədiyini bildirib:

“Bütün diqqətimi bu döyüşə yönəltmişəm. Azarkeşlərə maraqlı qarşılaşma təqdim etmək istəyirəm. Məqsədim Bakını qələbə ilə tərk etməkdir. Mən döyüşçüyəm, rəqibim Mişel Pereyra isə daha çox şou göstərməyi sevən idmançıdır”.

Şarabutdin Maqomedov futbola olan marağından da danışıb:

“Uşaqlıqda futbolçu olmaq arzum idi. Hücumçu mövqeyində oynamaq istəyirdim. Amma dostlarımla futbol oynayanda məni adətən qapıda dayanmağa məcbur edirdilər. Hazırda isə peşəkar fəaliyyətimlə əlaqədar futbola çox vaxt ayıra bilmirəm”.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

Xatırladaq ki, gecənin əsas döyüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

İdman.Biz