“Rəqibimə hörmətlə yanaşıram, amma döyüş üçün öz strategiyam var”.
İdman.Biz xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək meksikalı döyüşçü Manuel Torres mətbuat konfransında deyib.
O, Azərbaycan təmsilçisi Rafael Fizievlə qarşıdakı görüş barədə fikirlərini bölüşüb:
“Rafael Fiziev təcrübəli və yüksək səviyyəli döyüşçüdür. Bununla belə, düşünmürəm ki, o, məni ilk raundda məğlub edə bilər. Birinci raundda qalib gəlmək əsas strategiyalarımdan biridir”.
Manuel Torres Bakıya səfərindən də danışıb və şəhərlə bağlı müsbət təəssüratlarını bölüşüb:
“İnsanlarınız çox mehribandır. Hələ şəhərlə tam tanış olmaq imkanım olmayıb, amma gördüklərim məndə xoş təəssürat yaradıb”.
Qeyd edək ki, UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziev meksikalı Manuel Torreslə üz-üzə gələcək.
