UFC həyəcanı Dənizkənarı Bulvarda: Açıq məşq və fan-zona təşkil olunacaq

23 İyun 2026 11:11
108
UFC həyəcanı Dənizkənarı Bulvarda: Açıq məşq və fan-zona təşkil olunacaq

İyunun 24-də “UFC Fight Night: Fiziev vs. Torres” turniri ərəfəsində Bakıdakı Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında UFC azarkeşləri üçün açıq məşq keçiriləcək.

İdman.Biz xəbər verir ki, saat 17:00-da başlayacaq tədbir 19:30-dək davam edəcək. Azarkeşlər UFC ulduzlarını döyüş öncəsi yaxından izləmək imkanı əldə edəcəklər.

Açıq məşqdə “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçıları – azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, həmçinin gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin “Shara Bullet” Maqomedov, eləcə də yerli döyüşçülər Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.

Tədbir çərçivəsində hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra isə azarkeşlərin suallarını cavablandıracaq. Açıq məşq UFC döyüş həftəsinin ən maraqlı və ən çox gözlənilən tədbirlərindən biri hesab olunur. İştirakçılar döyüşçülərlə ünsiyyət qurmaq və UFC atmosferini yaxından yaşamaq imkanı qazanacaqlar.

Tədbir ictimaiyyət üçün açıq olacaq və giriş sərbəstdir.

Bununla yanaşı, açıq məşq ərazisində xüsusi fan-zona da fəaliyyət göstərəcək. Ziyarətçilər burada interaktiv UFC oyunlarında iştirak edə, foto zonalarda xatirə şəkilləri çəkdirə, həmçinin UFC Store-da rəsmi məhsullarla tanış olub alış-veriş edə biləcəklər.

Qeyd edək ki, “UFC Fight Night: Fiziev vs. Torres” turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Turnirin biletləri iticket.az saytında satışdadır.

İdman.Biz