Azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov iyunun 27-də Bakıda keçiriləcək “UFC Fight Night: Fiziev vs. Torres” turniri öncəsi hədəflərindən danışıb.
İdman.Biz Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq gecədə çıxış edəcək Həsənov UFC-də əsas məqsədinin titul uğrunda döyüşmək olduğunu bildirib.
“UFC mənim üçün hər zaman həm məqsəd, həm də arzu olub. Bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış edirəm. Amma mənim üçün bu hələ yolun başlanğıcıdır. UFC-də məqsədim özümü ən yüksək səviyyədə sübut etmək, ardıcıl qələbələr qazanmaq və titul uğrunda döyüşməkdir. Özümü heç bir rəqibdən zəif hesab etmirəm və hər döyüşə qalib gəlmək niyyəti ilə çıxıram”, - deyə o vurğulayıb.
Həsənov Bakıda keçiriləcək turnirin Azərbaycan idmanı üçün böyük hadisə olduğunu qeyd edib.
“Dünyanın diqqəti həmin gün Azərbaycanda olacaq və bu tarixi turnirin bir hissəsi olmaq mənim üçün böyük qürurdur. Doğma azarkeşlər qarşısında döyüşmək isə mənə daha yüksək motivasiya verir. Əlbəttə, məsuliyyət də böyükdür. Ancaq mən bunu təzyiq kimi yox, əlavə stimul kimi qəbul edirəm. Arenada minlərlə insanın dəstəyini hiss etmək hər bir döyüşçü üçün xüsusi hissdir”, - deyə döyüşçü əlavə edib.
Qeyd edək ki, “UFC Fight Night: Fiziev vs. Torres” turniri 27 iyunda Milli Gimnastika Arenasında keçiriləcək. Fərman Həsənovun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.
