İyunun 27-də Bakıda keçiriləcək "UFC Fight Night" turnirinin əsas döyüşünün iştirakçısı Rafael Fiziyev artıq Azərbaycandadır.
İdman.Biz xəbər verir ki, UFC-nin ulduzu Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri və yaxınları tərəfindən qarşılanıb.
Bakıya gəlişindən sonra jurnalistlərə açıqlama verən Fiziyev doğma vətənə qayıtmaqdan məmnunluğunu ifadə edib:
“Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm”.
Təcrübəli döyüşçü azarkeşləri maraqlı qarşılaşmanın gözlədiyini bildirib:
“Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə həmişə maraqlı mübarizə alınır. Bu dəfə də fərqli olmayacaq”.
Fiziyev rəqibi Manuel Torresin son döyüşlərini erkən başa vurmasına da münasibət bildirib:
“MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür”.
Azərbaycan təmsilçisi döyüşə hazırlıq yolunun uzun və çətin olduğunu vurğulayıb:
“Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır”.
Sonda Fiziyev azarkeşlərə müraciət edərək onları arenaya dəvət edib:
“Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq”.
Qeyd edək ki, UFC Fight Night: Fiziev vs Torres turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
