Süni intellekt Fiziyevə zərər vurub, Bakıdakı turnir isə UFC tarixində iz qoyacaq

23 İyun 2026 14:27
85
Süni intellekt Fiziyevə zərər vurub, Bakıdakı turnir isə UFC tarixində iz qoyacaq

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev UFC-nin yeni reytinq sisteminə keçidindən ən çox zərər görən idmançılardan biri olub.

İdman.Biz xəbər verir ki, təşkilat ənənəvi media reytinqini əvəz etməli olan “Meta UFC Rankings” sisteminin tətbiqinə başladığını açıqlayıb. Əvvəllər döyüşçülərin mövqeyi jurnalistlərin səsverməsi ilə müəyyənləşirdisə, bundan sonra UFC “Meta” şirkəti ilə birgə hazırlanan riyazi modelə üstünlük verəcək.

2013-cü ildən istifadə olunan əvvəlki reytinq sistemi media nümayəndələrinin səsverməsinə əsaslanırdı. Jurnalistlər hər həftə çəki dərəcələri üzrə öz TOP-15 siyahılarını və “pound-for-pound”(çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı döyüşçülərin siyahısı - red) reytinqini tərtib edir, daha sonra səslər ümumiləşdirilirdi. Bu yanaşma tez-tez subyektivliyə görə tənqid olunurdu.

UFC prezidenti Dana Uayt da dəfələrlə köhnə sistemdən narazılığını ifadə etmiş, döyüşçülərin qiymətləndirilməsi üçün daha dəqiq modelin vacibliyini vurğulamışdı.

UFC-nin məlumatına görə, süni intellekt yalnız yeni sistemin yaradılmasında iştirak edib. Hazırda reytinq döyüşçülərin nəticələrinə əsaslanan xüsusi alqoritm vasitəsilə hesablanır.

“CBS Sports”un məlumatına əsasən, sistem öyrənməsi modelin qurulmasında istifadə olunub, hazırkı sıralama isə əvvəlcədən müəyyən edilmiş riyazi meyarlarla hesablanır.

“Meta UFC Rankings” qələbələrin sayını, rəqiblərin səviyyəsini, döyüşün başa çatma üsulunu, aktivliyi, karyera dinamikasını, son görüşlərin tarixini və çəki dərəcəsinin xüsusiyyətlərini nəzərə alır. Ən mühüm faktor qələbə və məğlub edilən rəqibin gücü hesab olunur. Eyni zamanda, aktiv döyüşən idmançılar əlavə üstünlük qazanır, köhnə nəticələrin təsiri isə zaman keçdikcə azalır.

Məhz buna görə Fiziyevin vəziyyətini şərti olaraq “süni intellektdən zərər görən döyüşçü” nümunəsi adlandırmaq olar. O, əvvəlki media reytinqində yüngül çəkidə 11-ci pillədə qərarlaşaraq TOP-15-də yer alırdı. Lakin “Meta UFC Rankings”in ilk versiyasında azərbaycanlı döyüşçü ilk “15-liy”ə düşə bilməyib.

Qeyd edək ki, UFC hələlik köhnə reytinq sistemindən tam imtina etməyib. Keçid dövründə hər iki siyahı paralel şəkildə fəaliyyət göstərəcək. Bununla belə, təşkilat rəsmi reytinqlərin mərhələli şəkildə “Meta UFC Rankings” sisteminə keçəcəyini bəyan edib. Bu isə Fiziyevin növbəti döyüşünün əhəmiyyətini daha da artırır.

Bu baxımdan Bakıdakı UFC turniri yeni reytinq dövrünün ilk praktik sınağı olacaq. “Meta UFC Rankings” iyunun 22-də təqdim edilib, bundan sonrakı ilk UFC tədbiri isə iyunun 27-də Bakı Milli Gimnastika Arenasında keçiriləcək “UFC Fight Night: Fiziev vs. Torres” turniridir. Beləliklə, məhz Bakı turnirinin nəticələri yeni sistem üzrə ilk reytinq yenilənmələrinə təsir göstərəcək.

Turnirin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə yüngül çəkidə üz-üzə gələcək. Bu qarşılaşma azərbaycanlı döyüşçü üçün təkcə doğma azarkeşlər önündə çıxış deyil, həm də yeni alqoritmə qələbə ilə cavab vermək imkanı olacaq.

Gecənin ikinci əsas döyüşündə Şarabutdin Məhəmmədov braziliyalı Mişel Pereyra ilə qarşılaşacaq. Turnirdə digər azərbaycanlı döyüşçülər də çıxış edəcəklər. Nazim Sadıxov Mateus Kamilo ilə, təşkilatda debüt edəcək Fərman Həsənov Erik Nolanla, Tahir Abdullayev isə Jeferson Nasimento ilə qüvvəsini sınayacaq.

Beləliklə, Bakıda keçiriləcək UFC turniri təkcə Azərbaycan MMA-sı üçün tarixi hadisə deyil, həm də UFC-nin yeni reytinq sisteminin ilk böyük imtahanı kimi yadda qalacaq.

İdman.Biz