Nazim Sadıxov: “Rəqibimin zəif və üstün cəhətlərini təhlil etmişəm”

24 İyun 2026 15:30
105
Nazim Sadıxov: “Rəqibimin zəif və üstün cəhətlərini təhlil etmişəm”

“Rəqibimin həm zəif, həm də üstün cəhətlərini təhlil etmişəm. Hətta bunun üçün xüsusi məşqçilərlə də çalışmışam”.

İdman.Biz xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək Azərbaycan döyüşçüsü Nazim Sadıxov mətbuat konfransında deyib.

O, hər zaman maksimum gücü ilə mübarizə apardığını vurğulayıb:

“İndiyədək bütün döyüşlərimdə əlimdən gələni etmişəm. Bundan sonra da eyni əzmkarlıqla çıxış edəcəyəm. Bonus qazanmaq əsas məqsədim deyil. Mənim üçün ən vacib məsələ qələbə əldə etmək və yaxşı performans göstərməkdir”.

Nazim Sadıxov yarışın təşkilatçılığından da məmnun qaldığını bildirib:

“Ötən illə müqayisədə bir sıra yeniliklərin şahidi oluruq. Azərbaycan bu turnirə çox ciddi yanaşıb. Təşkilati işlər yüksək səviyyədə qurulub və yarışa böyük hazırlıq görüldüyü hiss olunur”.

Qeyd edək ki, Nazim Sadıxov UFC turniri çərçivəsində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq. Turnir iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

Xatırladaq ki, gecənin əsas döyüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

İdman.Biz
Məqalədə: