“Maraqlı döyüş alınacaq. Bizi çətin mübarizə gözləyir. Rəqibimi məğlub etməliyəm. Biz döyüşə hazırlaşırıq və bunun üçün möhkəm olmalıyıq".
İdman.Biz xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin ikinci əsas döyüşünün iştirakçısı Mişel Pereyra mətbuat konfransında deyib.
O, rəqibi ulduz döyüşçü Şarabutdin Maqomedovla döyüşə yüksək motivasiyada çıxacağını qeyd edib:
“Şarabutdin Maqomedovu bəyənmirəm, açıq deyim, onunla dost olmaq istəmərəm. Sosial şəbəkələrdə onu izləmirəm. Nə paylaşım etdiyi də maraqlı deyil. Bu yaxınlarda daşqın olmuşdu və mən insanlara köməklik etmişdim. O isə bildirmişdi ki, guya mən bunu göstəriş üçün etmişəm”.
“Azarkeşlər mənim haqqımda çox şey bilirlər. Sosial şəbəkədə paylaşımlar edirəm. Həyatım açıq kitab kimidir”.
Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Xatırladaq ki, gecənin əsas döyüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziev meksikalı Manuel Torreslə üz-üzə gələcək.
