“Komanda olaraq hər kəs öz tövsiyələrini verir. Hazırkı rəqibim daha çox boksa üstünlük verir. Azərbaycanda isə güləş ənənəsi güclüdür”.
İdman.Biz-in məlumatına görə, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Fərman Həsənov “UFC Fight Night Baku” turniri ilə bağlı təşkil olunan mətbuat konfransında səsləndirib.
O, UFC-dəki növbəti çıxışına hazırlaşır və rəqibinə beşinci məğlubiyyətini yaşadacağını bildirib.
“Hazırda ABŞ-dəyəm. Döyüşdən üç həftə əvvəl Bakıya gələcəyəm. UFC-də çıxış edəcəyimi gözləyirdim və buna hazır idim. Məqsədimiz Azərbaycan bayrağını dalğalandırmaq və ölkəmizi layiqincə təmsil etməkdir”.
Döyüşçü həmçinin çəkisalma prosesi barədə də danışıb:
“Uzun illərdir bu idmandayıq və bu mərhələləri yaxşı bilirik. Bu döyüşdə də çəki salacağıq və heç bir problem olmayacaq”.
Fərman Həsənov Azərbaycanın digər MMA döyüşçüsü Tofiq Musayevlə daim əlaqədə olduğunu da qeyd edib:
“Komanda olaraq hər kəs öz tövsiyələrini verir. Hazırkı rəqibim daha çox boksa üstünlük verir. Azərbaycanda isə güləş ənənəsi güclüdür və bundan istifadə edib qələbə qazanmağa çalışacağam. Həmyerlilərimiz bizə dəstək olurlar, onlara təşəkkür edirəm. UFC turnirinin Bakıda keçirilməsi isə böyük bir hadisədir”.
O, həmçinin MMA karyerasının başlanğıcı ilə bağlı bunları deyib:
“MMA-ya başlayanda məqsədim UFC-də çıxış etmək idi. Amma debütümün məhz Bakıda olacağını gözləmirdim”.
Qeyd edək ki, Bakıda keçiriləcək “UFC Fight Night” turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Fərman Həsənov yarımağır çəki dərəcəsində ABŞ təmsilçisi Erik Nolanla qarşılaşacaq.
Orxan Fuladi
