Bakıda baş tutacaq "UFC Fight Night" turnirinin iştirakçıları artıq Azərbaycandakı gələcək çıxışları ilə bağlı ilk reaksiyalarını verməyə başlayıblar.
İdman.Biz xəbər verir ki, qarşıdakı döyüşlər arasında ən diqqətçəkən açıqlama iyunun 27-də Şarabutdin Maqomedovla qarşılaşacaq Mişel Pereyradan gəlib. Braziliyalı döyüşçü sosial şəbəkə hesabında azərbaycanlı azarkeşlərə müraciət edərək Bakıya yalnız qələbə qazanmaq üçün deyil, həm də yaddaqalan şou göstərmək üçün gəldiyini vurğulayıb.
“Bakı, gəlirəm! İyunun 27-də Azərbaycanda azarkeşlər üçün şou göstərək!” - deyə braziliyalı sosial şəbəkədə yazıb və paylaşımına “UFC Baku” teqini əlavə edib.
Çarlz Conson da azarkeşləri fəal şəkildə prosesə cəlb edib. Asu Almabayevə qarşı döyüşəcək ABŞ-li izləyicilərinə qarşılaşmanın necə başa çatacağını əvvəlcədən təxmin etməyi təklif edib:
“İndi deyin - hər şey necə bitəcək: vaxtından əvvəl qələbə, hakimlərin qərarı, yoxsa ustad dərsi? Əgər düzgün tapsanız, bəlkə sizə cavab verə bilərəm”, - deyə Conson qeyd edib.
Nursulton Ruziboyev isə qısa, amma emosional reaksiya verib. Andrey Pulyaevlə döyüşəcək özbəkistanlı idmançı paylaşımında “27 iyun, Bakı” yazaraq dini məzmunlu “In Shaa Allah” ifadəsini əlavə edib. Turnirin digər iştirakçısı Daniil Donçenko isə döyüş müqaviləsinin imzalandığını bildirib və lakonik şəkildə “Bakıda görüşərik” yazıb.
Yerli azarkeşlər üçün ayrıca maraq doğuran məqam azərbaycanlı döyüşçü Fərman Həsənovun debütüdür. UFC-nin Avropa bölməsi onu rəsmi olaraq təşkilatda salamlayıb və Bakıda keçiriləcək turnirdə Erik Nolanla döyüşəcəyini elan edib.
Kardın digər iştirakçıları, o cümlədən Rafael Fiziyev, Manuel Torres, Şarabutdin Maqomedov, İkram Aliskerov, Brunno Ferreyra, Bekzat Almaxan, Yan Matsumoto və digərləri isə hələlik əsasən qarşıdakı turnirin anonsları, afişa repostları və UFC paylaşımları ilə kifayətlənirlər.
Xatırladaq ki, Bakıda baş tutacaq "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşması Rafael Fiziyevlə Manuel Torres arasında olacaq. Bundan əlavə, Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə döyüşəcək, Fərman Həsənov isə ABŞ-li Erik Nolanla üz-üzə gələcək.
