Bakıdakı UFC-də Fiziyev və Sadıxov üçün ciddi sınaq: Rəqiblərinin güclü tərəfləri hansılardır? - İDMAN.BİZ-in ARAŞDIRMASI

8 May 2026 13:47
128
Bakıdakı UFC-də Fiziyev və Sadıxov üçün ciddi sınaq: Rəqiblərinin güclü tərəfləri hansılardır? - İDMAN.BİZ-in ARAŞDIRMASI

İyunun 27-də Milli Gimnastika Arenasında keçirilməsi planlaşdırılan “UFC Fight Night” turniri azərbaycanlı döyüşçülər Rafael Fiziyev və Nazim Sadıxov üçün karyeralarının ən vacib mərhələlərindən birinə çevriləcək.

İdman.Biz xəbər verir ki, hər iki döyüşçü UFC-dəki son qarşılaşmalarındakı məğlubiyyətdən sonra oktaqona çıxacaq.

Fiziyev üçün meksikalı Manuel Torreslə döyüş braziliyalı Maurisio Ruffiyə məğlubiyyətdən sonra yüngül çəkidə mövqeyini bərpa etmək şansı olacaq. Sadıxov üçün isə Mateus Kamilo ilə görüş fransalı Fares Ziamla döyüşdəki məğlubiyyətə cavab xarakteri daşıyacaq.

Bakı turnirinin ən böyük marağı Rafael Fizievin əsas döyüşdə yüngül çəkidə rəqibini erkən qələbələrlə döyüşü tez bitirə bilən ən təhlükəli döyüşçülərdən biri ilə qarşılamasıdır. “El Loco” ləqəbli Manuel Torresin aktivində 17 qələbə və 3 məğlubiyyət var. Onun boyu təxminən 178 santimetr, qol açıqlığı isə 185 santimetrdir. Müqayisə üçün qeyd edək ki, Fiziyevin boyu 173 santimetr, qol açıqlığı isə təxminən 180 santimetrdir. Beləliklə, Torres həm boyu, həm də qol açıqlığı ilə təxminən 5 santimetr üstünlüyə malik olacaq.

Torresi ümumilikdə güclü muay-tay məktəbinə sahib, aqressiv zərbə ustası və üstünlüyünü qısa zamanda finişə çevirə bilən döyüşçü kimi xarakterizə etmək olar. Onun əsas təhlükəsi start təzyiqidir. O, UFC-də keçirdiyi son altı döyüşün beşində qalib gəlib və həmin qələbələrin hamısını ilk raundda vaxtından əvvəl qazanıb. Torres Quam təmsilçisi Frank Kamaço, braziliyalı Nikolas Motta, şotlandiyalı Kris Dunkan, ABŞ-li Dryu Dober və Qrant Douson üzərində vaxtından əvvəl qələbələr əldə edib. Bu, ardıcıl beş qələbə seriyası deyil. Çünki həmin dövrdə çilili İqnasio Bahamondesə də məğlub olub. Amma ümumi dinamika çox şeyi göstərir: əgər Torres ilk dəqiqələrdə ritmi və məsafəni tutursa, son dərəcə təhlükəli olur.

Yeri gəlmişkən, bu zəncirdə Azərbaycan izi də var. Torresin vaxtından əvvəl məğlub etdiyi rəqiblərdən biri olan Nikolas Mottanı ötən il Bakıda Nazim Sadıxov məğlub etmişdi. Torresin uduzduğu İqnasio Bahamondesi isə həmin Bakı turnirində Rafael Fiziyev yenmişdi. Bu il isə digər azərbaycanlı döyüşçü Tofiq Musayev də Sietldə keçirilən turnirdə Bahamondes üzərində qələbə qazanıb.

Torresin güclü tərəfləri açıq görünür: partlayıcı güc, uzun qollar, orta məsafədə inamlı iş, sürətli finişlər və döyüşü həm zərbələrlə, həm də sabmişn vasitəsilə başa vurmaq bacarığı. Lakin onun aqressiyası zəif tərəfə də çevrilə bilər. Torres tez-tez irəli gedir, risk edir və uzun, taktiki baxımdan mürəkkəb döyüşlərdə özünü yoxlamaq imkanı çox olmayıb. Fiziyev səviyyəsində rəqibə qarşı bu problem yarada bilər, xüsusilə də meksikalı erkən finiş tapa bilməsə.

Fiziyevin üstünlüyü isə rəqiblərinin səviyyəsi, texnikası və yüksək səviyyəli döyüş təcrübəsidir. Rafael ABŞ-li Castin Geyci, polyak Mateuş Qamrot, braziliyalı Rafael dos Anyos, İqnasio Bahamondes və Maurisio Ruffi kimi rəqiblərlə döyüşüb. Onun muay-tay bazası, ayaq sürəti, korpusa işləmə bacarığı və seriyalarla cavab verməsi onu daha incə texnikalı zərbə ustasına çevirir. Fiziyev üçün əsas məqam ilk raundda soyuqqanlı qalmaqdır: ilk saniyələrdən açıq mübadiləyə girməmək, Torresin ritmini lou-kiklər, əks-hücumlar və hərəkətlərlə pozmaq, daha sonra isə döyüşü nəzarətdə saxlamaq.

Əgər Fiziyev start təzyiqinə tab gətirə bilsə, onun qələbə şansı hər dəqiqə artacaq. Torres daha çox xaotik döyüşlərdə təhlükəlidir, Fiziyev isə texniki qarşıdurmada üstün görünür. Rafael üçün vacib olan yalnız qalib gəlmək deyil, həm də son məğlubiyyətlərin onu UFC-nin güclü yüngülçəki döyüşçüləri sırasından çıxarmadığını göstərməkdir.

Nazim Sadıxovun döyüşü də az maraq doğurmur. Onun “Jaguar” ləqəbli rəqibi Mateus Kamilo Braziliyanı təmsil edir və aktivində 10 qələbə, 3 məğlubiyyət var. O da yüngül çəkidə çıxış edir. Boyu təxminən 178 santimetr, qol açıqlığı isə 175 santimetrdir. Sadıxovun göstəriciləri də demək olar eynidir - boyu 178 santimetr, qol açıqlığı isə 175 santimetrdir. Bu səbəbdən tərəflərdən heç biri antropometrik üstünlüyə malik deyil. Burada əsas məqam temp, təzyiq və mübadilələr zamanı veriləcək qərarların keyfiyyəti olacaq.

Kamilo Sadıxovdan daha gəncdir – 25 yaşı var, Nazim isə 31 yaşındadır. Braziliyalı artıq UFC-də iki döyüş keçirib: amerikalı Qeyb Qrinə sabmişnla uduzub, daha sonra isə rusiyalı Vyaçeslav Borşev üzərində hakimlərin yekdil qərarı ilə qalib gəlib. Stil baxımından Kamilo universal MMA döyüşçüsüdür və yalnız bir üslubla məhdudlaşmır. Onun statistikasında nokautla dörd, sabmişnla iki və hakim qərarı ilə dörd qələbə var. Bu da onun kifayət qədər geniş arsenala malik olduğunu göstərir.

Bununla yanaşı, Kamilonun hər üç məğlubiyyəti ağrılı və ya boğucu fəndlər nəticəsində qeydə alınıb. Bu səbəbdən güləş, mövqe nəzarəti və parterdə müdafiə onun problem yaşadığı əsas sahələr hesab olunur. Sadıxov üçün bu mühüm taktiki istiqamətdir.

Nazim solaxaydır və əsasən təzyiqə, güclü zərbə işinə üstünlük verən universal döyüşçü sayılır. 11 qələbə, 2 məğlubiyyət və 1 heç-heçəlik rekordunda onun səkkiz nokaut və iki sabmişn qələbəsi var. Bu da onun döyüşü müxtəlif fazalarda başa vurmaq bacarığını göstərir. Sadıxovun əsas üstünlüyü təzyiq, ağır zərbələr, tempi diktə etmək və rəqibi səhvə məcbur etmək bacarığıdır.

Lakin Fares Ziam məğlubiyyətindən sonra Sadıxov üçün yalnız parlaq döyüşmək deyil, həm də intizamlı olmaq vacibdir. Həmin görüşdə o, ikinci raundun sonlarında dayandırılmışdı və bu, həddindən artıq irəli getmək istəyinin açıq boşluqlar yaratdığını göstərmişdi. Kamilo ilə döyüşdə Sadıxovun planı ehtiyatlı təzyiq, ön əllə iş, korpusa zərbələr və braziliyalının rahat şəkildə mübadiləyə girməsinə imkan verməmək üzərində qurula bilər.

Nazim üçün vacib məqamlardan biri döyüşü nizamsız “rubka”ya çevirməməkdir. Əgər o, oktaqonun mərkəzinə nəzarət etsə, zərbələri ayaqlara keçid təhdidi ilə birləşdirə bilsə və Kamilonu ikinci nömrə işləməyə məcbur etsə, həm qalib gəlmək, həm də bunu inamlı şəkildə etmək şansı yaranacaq. Kamilo gəncliyi, istəyi və universallığı ilə təhlükəlidir. Amma Sadıxovun UFC təcrübəsi, zərbə gücü və Bakı publikasının dəstəyi üstün tərəflər kimi görünür.

Fiziyev və Sadıxov üçün bu turnir daxili inam baxımından da böyük əhəmiyyət daşıyır. Hər ikisi Bakı arenasının yerli döyüşçünün qələbəsi zamanı necə gur səsləndiyini yaxşı bilir. İndi onların qarşısında yenidən gözləntilərin təzyiqindən keçmək, emosional gərginliyi idarə etmək və ev atmosferini əlavə üstünlüyə çevirmək vəzifəsi dayanır.

Torres üzərində qələbə Fiziyevi yenidən yüngül çəkinin üst sıralarındakı rəqiblərlə döyüşlərə qaytara bilər. Sadıxovun Kamilo üzərində uğuru isə ona Ziam məğlubiyyətini unutdurmaq və daha ciddi çağırışlara doğru irəliləmək imkanı verəcək. Hər ikisi üçün bu gecə UFC-də mövqelərini möhkəmləndirmək və ya yenidən çətin suallarla üzləşmək baxımından həlledici olacaq. Məhz buna görə də iyunun 27-də Bakıda azərbaycanlı döyüşçülər üçün ortada olan məsələ sadəcə rekorddakı növbəti qələbə deyil, daha böyük məna daşıyır.

İdman.Biz