UFC Ağ Evdə təşkil olunacaq “Freedom 250” turniri üçün xüsusi bilet paketlərini satışa çıxarıb.
İdman.Biz xəbər verir ki, jurnalist Ariel Helvani bu barədə məlumat yayıb. Onun sözlərinə görə, biletlər adi satış kimi yox, “partner investment” adı altında təklif olunur.
Paketin qiyməti 1,5 milyon ABŞ dollarıdır (2,55 milyon AZN).
Bu paketə “UFC Freedom 250” üçün tərəfdaşların qarşılama mərasimi, mətbuat konfranslarına giriş, rəsmi çəkiölçmə mərasimi, turnirə giriş, həmçinin Konor Makqreqorun qayıdışının gözlənildiyi UFC 329-da parter yerləri daxildir.
Helvaninin məlumatına görə, bu təklif əsasən nüfuzlu şəxslərə və yüksək məbləğ ödəməyə hazır olan qonaqlara göndərilib.
Qeyd olunur ki, UFC belə paketlərdən 200-dən 700-ə qədər sata bilər. Bu halda təşkilatın gəliri 300 milyon ABŞ dollarından 1,05 milyard ABŞ dollarınadək (510 milyon - 1.785 milyard AZN) dəyişə bilər.
Qeyd edək ki, “Freedom 250” turnirinin 14 iyun 2026-cı ildə Ağ Evdə keçirilməsi planlaşdırılır. Dana Uaytın daha əvvəl açıqladığı məlumata görə, turniri canlı izləmək üçün təxminən 4300 tamaşaçıya yer ayrılacaq və yerlərin böyük hissəsi hərbçilər üçün nəzərdə tutulacaq.
