Dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı olan UFC yenidən Bakıya qayıdır. İyunun 27-də paytaxtımızda keçiriləcək “UFC Fight Night” turniri idmansevərlərə unudulmaz anlar vəd edir.
İdman.Biz xəbər verir ki, turnirin əsas döyüş kardında Azərbaycan azarkeşlərinin maraqla gözlədiyi qarşılaşmalar yer alıb. Yüngül çəki dərəcəsində Rafael Fiziyevlə Manuel Torres, Şara Maqomedovlə Mişel Pereyra arasındakı gərgin mübarizə olacaq.

Həmçinin digər təmsilçimiz Nazim Sadıxov da yüngül çəkidə braziliyalı rəqibi Kauye Kamilo ilə üz-üzə gələcək.
Turnirin digər maraqlı qarşılaşmalarından biri orta çəki dərəcəsində İkram Aliskerovla Brunno Ferreiranın döyüşü olacaq. Digər diqqətçəkən döyüşlərdə isə Asu Almabayev Çarlz Consonla, Abusupyan Maqomedov isə Mixal Oleksiejçukla üz-üzə gələcək.
Turnir çərçivəsində ağır çəkidə Rizvan Kuniyev və Tayrell Fortun, eləcə də yüngül ağır çəkidə Türkiyə rəmsilçisi İbrahim Yahyayevlə Julius Uoker arasındakı döyüşlər də proqrama daxil edilib.
“Prelims” adlanan ilkin qarşılaşmalar saat 17:00-da, əsas döyüşlər isə saat 20:00-da start götürəcək.
