Dünyanın aparıcı qarışıq döyüş sənəti təşkilatı olan UFC, Azərbaycana çox gözlənilən qayıdışını rəsmi olaraq elan edib.
İdman.Biz xəbər verir ki, UFC FIGHT NIGHT BAKU 27 iyun şənbə günü Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycanlı təmsilçi Rafael Fiziyev (“Ataman”) Manuel Torres (“Loco”) ilə beş raundlu yüngül çəki qarşılaşmasında üz-üzə gələcək.
İkinci-əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin Maqomedov (“Shara Bullet”) ilə “dağıdıcı” döyüş tərzi ilə tanınan Maykl Pereira arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.
Qeyd edək ki, Rafael Fiziyev hazırda yüngül çəki divizionunun 11-ci pilləsində qərarlaşıb və özünəməxsus dünya səviyyəli zərbə texnikası ilə doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi Manuel Torres isə UFC-dəki bütün qələbələrini nokautla qazanıb və 100 faiz finiş göstəricisinə sahibdir.
UFC Fight Night Baku döyüş gecəsi qlobal platformalarda canlı yayımlanacaq və milyonlarla tamaşaçı tərəfindən izlənəcək. Yerli azarkeşlər isə Bakıdakı möhtəşəm döyüş gecəsini canlı izləmək imkanı əldə edəcəklər.
