Azərbaycanlı qarışıq döyüş növləri (MMA) ustası Rafael Fiziyev karyerasında üçüncü dəfə UFC turnirinin əsas döyüşünə çıxacaq.
İdman.Biz-in məlumatına görə, yüngül çəkidə çıxış edən Fiziyev Bakıda keçiriləcək UFC turnirində meksikalı Manuel Torreslə üz-üzə gələcək və gecənin əsas döyüşünü təşkil edəcək.
Turnir iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Fiziyev bundan əvvəl iki dəfə əsas döyüşün iştirakçısı olub. O, 2022-ci ildə Rafael dos Anyosla beş raundluq qarşılaşmaya çıxıb, 2023-cü ildə isə Mateuş Gamrotla döyüşdə turnirin əsas hadisəsinə başçılıq edib.
Beləliklə, Fiziyev yenidən diqqət mərkəzində olacaq və UFC-də üçüncü dəfə gecənin əsas döyüşünə çıxacaq. Qeyd edək ki, o, bu statusu daha əvvəl də əldə edə bilərdi. Belə ki, 11 oktyabr 2025-ci ildə Rio-de-Janeyroda keçirilməsi planlaşdırılan turnirin əsas döyüşündə təşkilatın sabiq çempionu Çarlz Oliveyra ilə qarşılaşmalı idi. Lakin dizindən aldığı zədə səbəbindən bu döyüş baş tutmamışdı.
Rəqibi Manuel Torres üçün isə vəziyyət fərqlidir. O, karyerasında ilk dəfə UFC turnirində əsas döyüşə çıxacaq.
Qeyd edək ki, gecənin ikinci əsas qarşılaşması Şara Maqomedov və Mişel Pereyra arasında olacaq.
