UFC-nin yüngül çəki dərəcəsində çempionu İslam Maxaçev İtaliyada xoşagəlməz hadisə ilə üzləşib. İdmançı səfər zamanı qarət edildiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, oğrular Maxaçevin çamadanındakı əşyaları ələ keçiriblər. Maraqlıdır ki, cinayətkarlar sonradan onun pasportunu və namaz xalçasını (canamaz) geri qaytarsalar da, digər qiymətli əşyalar yoxa çıxıb.

İtirilən əşyalar arasında ən diqqətçəkəni isə PSJ-nin ulduzu Xviça Kvarasxeliyanın ona hədiyyə etdiyi butsalar olub. Həmin butsaları gürcü futbolçu Maxaçevə "Liverpul"la oyundan sonra bağışlamışdı.

Hadisə ilə bağlı sosial şəbəkədə cinayətkarlara müraciət edən döyüşçü zarafatından da qalmayıb:
“Oğrular, əgər futbol sizin maraq dairənizdə deyilsə, hədiyyəmi geri qəbul etməyə hazıram”.

