Kavana Meksikada sensasiya etdi: Brendon Moreno doğma divarlar arasında məğlub oldu

1 Mart 2026 09:49
108
Kavana Meksikada sensasiya etdi: Brendon Moreno doğma divarlar arasında məğlub oldu

Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən “UFC Fight Night 268” turniri gözlənilməz nəticə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, gecənin əsas döyüşündə ən yüngül çəki dərəcəsində sabiq çempion Brendon Moreno ilə britaniyalı Lonir Kavana üz-üzə gəlib. Beş raund davam edən qarşılaşma Kavanın qələbəsi ilə başa çatıb. Hakimlərdən ikisi 48:47, biri isə 49:46 hesablı üstünlüyü britaniyalı döyüşçüyə verib.

Qısa müddət öncə döyüş təklifini qəbul edən Kavana dəqiq və güclü zərbələrin sayına görə rəqibini üstələyərək ona ciddi zərər vurmağı bacarıb. Çarlz Consona məğlubiyyətdən sonra bu qələbə Lonir üçün mühüm addım olub. Brendon Moreno isə ötən ilin dekabrında Tatsuro Tayraya uduzduqdan sonra azarkeşləri qarşısında reabilitasiya ola bilməyib.

Gecənin digər mühüm döyüşündə daha bir sürpriz yaşanıb. İfrat yüngül çəkidə çempionluq kəmərinə keçmiş iddiaçı, ekvadorlu Marlon Vera ardıcıl dördüncü məğlubiyyətini alıb. O, meksikalı David Martinesə uduzub.

Turnir çərçivəsində Bobbi Qrin, İmanol Rodriges, Rayan Qandra, Xavyer Reyes, Frensis Marşall və Demian da vaxtından əvvəl qələbə qazanaraq gecəyə damğa vurublar.

İdman.Biz