Azərbaycan karateçiləri Vüsal Qənbərov və Şamo Kamilov Polşanın Belsko-Biala şəhərində keçirilən yeniyetmə və gənclər arasında dünya çempionatının finalına yüksəliblər.
İdman.Biz xəbər verir ki, hər iki idmançı ilkin mərhələdə keçirdiyi bütün görüşlərdə qalib gələrək ən azı gümüş medalı təmin edib.
Qənbərov 16 yaşadək idmançılar arasında 55 kq çəki dərəcəsində, Kamilov isə 14 yaşadək karateçilərin 70 kq-dan yuxarı çəki kateqoriyasında çıxış edir. Onların final görüşləri bu gün keçiriləcək.
Azərbaycanın daha iki təmsilçisi isə bürünc medal qazanmaq şansını saxlayır.
Fatma Hacıyeva (U16, 59 kq) oktyabrın 17-də, Rəşid Süleymanov (U21, 75 kq) isə oktyabrın 18-də üçüncü yer uğrunda mübarizə aparacaq.
Beləliklə, Azərbaycan komandası artıq iki medalı təmin edib və dünya çempionatını dörd mükafatla başa vurmaq imkanını qoruyur.
