İrina Zaretska dünyanın ən güclü karateçilərindən biri olaraq qalmaqda davam edir. O, bunu növbəti dəfə Zalsburqda keçirilən A Seriyası turniri təsdiqlədi.
Azərbaycan millisinin üzvü yarışda möhtəşəm üslubda qalib gəlib və təəssüratlarını İdman.Bizlə bölüşüb.
Zaretska emosiyalarını gizlədə bilməyib.
“Mən çox, çox xoşbəxtəm! Avstriyada “qızıl” medal qazanmaq mütləq məqsədim deyildi, amma qalib gəlməyi bacardım və ilk dəfə A Seriyasında çempion oldum. Belə bir turnirdə ilk dəfə ən yüksək mükafatı qazandım, indi o da kolleksiyamda var. Nəzərə alsaq ki, çıxışımın səviyyəsi və əldə etdiyim nəticə çox yaxşı oldu, mən çox, çox xoşbəxtəm”, - deyə Zaretska bildirib.
Karateçi bu yarışın bir sıra səbəblərdən onun üçün həqiqətən xüsusi olduğunu etiraf edib.
“Bir görüşdən digərinə keçdikcə hər anımdan zövq alırdım - etdiklərimdən, bunu necə etdiyimdən və proses zamanı yaşadığım bütün emosiyalardan. Baş verənlərə tamamilə köklənmişdim, bu təcrübədən və daxilən yaşadığım hər şeydən zövq alırdım”, - deyə Zaretska danışıb.
O, hər gün yanında olan və idman yolunu xüsusi edən insanlara ayrıca təşəkkürünü bildirib.
Zalsburqdakı medal İrina üçün mövsümdə artıq dördüncü mükafatdır. Bundan əvvəl idmançı Rabatda keçirilən Premyer Liqa mərhələsində qalib gəlib, həmçinin Frankfurtda Avropa çempionatında və Romada Premyer Liqada bürünc medal qazanıb.
