Hindistanın Pune şəhərində keçirilən Dünya Qocyu-Ryu Karate Çempionatında iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.
İdman.Biz xəbər verir ki, karateçilər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi təşkil olunub.
Tədbirdə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi Vüsal Abdullazadə, media nümayəndələri, idmançıların ailə üzvləri və yaxınları iştirak ediblər.
Bayram əhval-ruhiyyəsində keçən mərasimdə Azərbaycan nümayəndə heyəti alqışlarla qarşılanıb.
Qeyd edək ki, 7-10 oktyabr tarixlərində Hindistanın Pune şəhərində keçirilən səkkizinci Dünya Qocyu-Ryu Karate Çempionatında Azərbaycan idmançıları altı qızıl, iki gümüş və dörd bürünc olmaqla ümumilikdə 12 medal qazanıblar. Medallardan 10-u fərdi, ikisi isə komanda yarışlarında əldə olunub.
Fərdi yarışlarda İsmayıl İsayev (8-9 yaş, 27 kq), Çingizxan Cəfərli (10-11 yaş, 43 kq), Əli Əhmədov (12-13 yaş, 43 kq), Aydın Rzayev (12-13 yaş, 55 kq) və Anar Sadıqov (35-45 yaş, veteranlar) dünya çempionu olublar.
Adnan Abuşov (10-11 yaş, 36 kq) gümüş, Əli Abdullayev (12-13 yaş, 40 kq), Məhəmməd Cahangirov (12-13 yaş, 40 kq), Vladimir Qrimzin (12-13 yaş, 55 kq) və Qadir Hüseynov (35-45 yaş, veteranlar) isə bürünc medal qazanıblar.
Komanda yarışlarında 12-13 yaşlılardan ibarət Azərbaycan yığması dünya çempionu olub, 10-11 yaşlılardan ibarət komanda isə gümüş medala layiq görülüb.
Azərbaycan nümayəndə heyətinə Nurlan Quliyev rəhbərlik edib. İdmançılar yarışda məşqçilər Röya Səfərov və Elmin İsayevin rəhbərliyi altında çıxış ediblər.
