Karate üzrə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən idmançıların Sumqayıtda keçirilən ölkə birinciliyində medal mübarizəsi bu gün baş çatacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə noyabrın 27-də start götürən yarışa Sumqayıt Olimpiya İdman Kompleksi ev sahibliyi edir.
Ölkə birinciliyinin fərqləndirici xüsusiyyətlərindən biri beş karate üslubunun nümayəndələrini bir araya gətirməsidir. Yarışın proqramına WKF, qocyu-ryu, ənənəvi karate, kyokuşin və aşihara üslubları daxil edilib.
Birinciliyin keçirilməsində əsas məqsəd ölkədə karate idmanının inkişafına dəstək göstərmək, perspektivli idmançıları müəyyənləşdirmək və onların yarış təcrübəsini artırmaqdır. Müxtəlif karate üslublarının nümayəndələrinin eyni yarışda iştirakı həm də idmançılar arasında təcrübə mübadiləsinə şərait yaradır.
Yarışın son günündə fəxri kürsünün qalan sahibləri müəyyənləşəcək.
