İrina Zaretska: "Rəqibimin gücünün azaldığını görəndə onu “yeyirəm” – MÜSAHİBƏ

Müsahibə
27 Dekabr 2023 12:38
407
İrina Zaretska: "Rəqibimin gücünün azaldığını görəndə onu “yeyirəm” – MÜSAHİBƏ

“İlin ən yaxşı qadın idmançıları” nominasiyasında üçüncü olan karateçi İrina Zaretskaın İdman.biz saytına müsahibəsi

- Deyə bilərik ki, 2021-ci ildə dünya çempionatında ikinci qələbənizdən sonra iki il ərzində üçüncü titulunuza doğru addımladınız. Missiya tamamlandı?

- Bütün çətinliklərə baxmayaraq, çox iş görüldü. Hazırlıq planının necə vacib olduğunu dəqiq bilirdim, həm də birinciliyi heç kimə vermək fikrində deyildim. Son 5 ildə bütün yarışlarda qalib gəlməyi və ya heç olmasa fəxri kürsüyə qalxmağı bacardığım üçün dünya reytinqinə başçılıq edirəm.

- Çoxları dünya çempionatının həlledici görüşündə Yelena Quirici gərgin rəqabətinizi nəzərə alaraq, döyüşü möhtəşəm final adlandırdılar. Siz bu qarşılaşmaya necə yanaşdınız?

- Bu, həlledici döyüş idi, hansı ki, hər şeyə nöqtə qoydu. Onunla Premyer Liqanın, Avropa çempionatının, Avropa Oyunlarının bütün mərhələlərinin finalında görüşmüşük. Son ana qədər hesab bərabər idi - 3:3. Amma Budapeştdə qalib gələrək, önə keçdim. Reytinqdə birinci yer uğrunda mübarizə aparırdıq. Quirici məndən önə çıxmaq istəyirdi və bunun üçün hər şeyi etdi. Amma özümü sübut etməli idim. Bu mənada dünya çempionatı gərgin keçdi.

- Dünya çempionatının 2 ildən bir keçirilməsi qələbəni daha arzuolunan və dəyərli edir?

- Tam olaraq belədir! Bundan əlavə, bütün liderlər dünya çempionluğunu qazana bilmirlər. Onlar turnirlərdə birinci yerləri tutur, amma mundialda əsəblər gərilir. Quirici ilə də bu baş verdi. O, yaxşı çıxış edir, amma mən çempionatın finalına necə hazırlaşdığımı bilirəm. Rəqibimin gücünün azaldığını görəndə onu “yeyirəm”. Sonuncu dəfə də eyni cür oldu.

- Yəni “qatil”, yoxsa “yırtıcı” rejimini qoşursuz?

- Mən isveçrəli karateçinin necə əsəbi olduğunu gördüm. Təbii ki, məndə də həyəcan var idi. Amma bunu göstərməməyi və rəqibimin özünəinamını yox etməyi bacarıram.

- Deyəsən, növbəti mövsüm indiki kimi hadisələrlə zəngin olmayacaq. Planlar nələrdir?

- Yarışlar təxminən 6 aya yaxın davam edəcək, bura Premyer Liqa və Avropa çempionatı da daxildir. Görək, federasiyada işlər necə olacaq. İndi bir az dincəlmişəm, amma əminliklə deyə bilərəm ki, 2025-ci ilə hazırlaşacağam. Dünya çempionu kimi Dünya Oyunlarına, eləcə də mundiala lisenziya almışam. Budapeştdən sonra dünya çempionatının formatı dəyişib, indi iştirakçılar vəsiqə qazanmalıdırlar. Beləliklə, 2025-ci il mənim üçün yenidən böyük bir il olacaq.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: