"Yarışlara qatılmadığımıza görə dünya reytinqində geri düşmüşəm"

Xəbərlər
27 Avqust 2023 13:22
447
"Yarışlara qatılmadığımıza görə dünya reytinqində geri düşmüşəm"

"Hazırda komanda şəkilində məşqlərə davam edirik. Amma maliyyə kimi əsas problemimiz var, hərtərəfli işimizi yarımçıq qoyur".

Bu sözləri 3 qat Avropada çempionu karateçi Asiman Qurbanlı İdman.biz-ə açıqlamasında deyib.

O Azərbaycan Karatesinin durumundan danışıb, bir neçə turnirə sırf maliyyə ucbatından qatıla bilmədiklərini söykəyib:

"Ümumiyyətlə sponsorun olmaması hətta məşq prosesində də öz sözünü deyir, vitaminizasiyadan tutmuş, təlim-məşq toplanışlarına qatıla bilməməyimiz bizi hər gün geri salır. Maliyyə problemi mənim özümə də ciddi zərbə vurub, belə ki, yarışlara qatılmadığımıza görə dünya reytinqində geri düşmüşəm. Mən dünya reytinqində ilk üçlükdə idim, sırf maliyyə məsələlərinə görə 6-7 sıralardayam. Eyni zamanda bu, tək mənə yox, həm də komanda yoldaşlarımın reytinqinə mənfi təsir göstərir. Buna baxmayaraq dünya çempionatına hazırlaşırıq, amma dünya çempionatında uğurlu nəticə eldə etmək üçün yarışdan əvvəl bir turnirdə iştirak etməliyik ki, ən azı açılışaq, praktika yığaq, bu da yenə maliyyəyə bağlı məsələdir. Ancaq bizə mütəmadi olaraq dəvətlər gəlir, məndən başqa İrina Zeretska və Tural Ağalarzadəyə İsveçdən dəvət gəlib, orada döyüşəcəyik. Ümid edirəm İsveçdəki yarış bizə böyük kömək olacaq. Dünya Çempionatından öncə təlim-məşq toplanışı olsa ən azı hazırlıqlı olarıq".

Təcrübəli karateçi karyerası haqda bunları deyib:

"Karyerama gəlincə isə maliyyə məsələri tezliklə həll olunsa karyerama davam edəcəm, hələ gücüm var, nəticələrim var. İstəyirəm uğurlarımı davam etdirim, yeni medallar qazanım. Əgər problem həll olunmasa yəqin ki, karyeramı "Karate Combat"da davam etdirəcəm".

Ağa Dadaşzadə

İdman.biz