Avropa Cüdo Birliyi: Finalda iki azərbaycanlının qarşılaşması tarixi hadisə idi

Xəbərlər
24 Avqust 2023 14:04
91
Avropa Cüdo Birliyi: Finalda iki azərbaycanlının qarşılaşması tarixi hadisə idi

Avropa Cüdo Birliyinin (EJU) rəsmi səhifəsində "Azərbaycanlı Məmişovların dueli tarix yaratdı" başlıqlı məqalə dərc olunub.

Azərbaycan Cüdo federasiyasından İdman.biz-a verilən məlumata görə, məqalədə Zaqrebdə keçirilən Dünya çempionatının ilk günündə azərbaycanlı cüdoçularının çıxışları təhlil olunub.

Müəllifin sözlərinə görə, finalda iki azərbaycanlının qarşılaşması tarixi hadisə idi: "Gün ərzində necə çıxış etdiklərini nəzərə alsaq, final görüşündə Məhəmməd ilə Nihad Məmişov arasındakı qarşılaşmada hər kəs bəzi böyük hərəkətlər və təsiredici texnikalar gözləyirdi. Lakin onlar bir-birlərinin hərəkətlərini və texnikalarını çox yaxşı bildikləri üçün fəndləri çox yaxşı əngəlliyə bilirdi. Bu vəziyyət bərabərliyə gətirib çıxardı və hər ikisi əsas vaxtda "shido" aldılar.

Görünürdü ki, görüş bir qədər də davam edə bilərdi, lakin əlavə vaxta cəmi 8 saniyə qalmış Nihad Məhəmmədin hərəkətini öz üstünlüyünə çevirdi və bir xal qazandı. Bütün matç həqiqətən həyəcanlı və səviyyəli keçdi. Onlar qızıl və gümüş medalları qazanmaqla yanaşı, hər kəsə komandalarının nə qədər güclü olduğunu göstərdilər və cüdo tarix kitabına daxil oldular".

Məqalədə bildirilir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan digər azərbaycanlı Mirxalıq İskəndərov bürünc medal uğrunda fransalı Adrian Mivovanla gərgin görüş keçirdi: "İskəndərov "o uchi qari" və "ko uchi qari" adlanan xüsusi fəndlər tətbiq edərək "waza-ari" xalı qazandı. Daha sonra fransalı idmançı Mivovan da xal qazanmağı bacardı. Lakin o, iki "shido" qazandığı üçün daha diqqətli olmalı idi. Görüşün bitməsinə cəmi 12 saniyə qalmış Azərbaycan təmsilçisi İskəndərov "ko soto qari" adlı fəndlə daha bir "waza-ari" qazanaraq qələbəsini təmin etdi".

İdman.biz