Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı mübarizəyə qoşulub. Onlardan Hidayət Heydərov növbəti dəfə Avropa çempionu tituluna yiyələnib.
Avropa çempionatı
Kişilər
73 kq
Avropa çempionumuz Hidayət Heydərov 1/16 finalda belçikalı Abdul Malik Umayevlə güləşib. Cüdoçumuz qalib gələrək, mərhələ adlayıb. Heydərov ikinci görüşündə Ksaveri Morpa (Polşa) ilə gücünü yoxlayıb. O, bu döyüşü də aktivinə yazaraq, 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz növbəti mərhələdə də uğurlu seriyanı davam etdirib. Hidayət Daniel Jeqedi üzərində inamlı qələbə qazanıb. Cüdoçumuz yarımfinalda moldovalı Petru Pelivanla münasibətinə aydınlıq gətirib və bu rəqibini də məğlub edib.
Heydərov nəticədə 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. O, həlledici görüşdə ispaniyalı Salvador Kases Roka ilə mübarizə aparıb. Hidayət qələbə qazanaraq üçüncü dəfə qitənin ən güclüsü adına yiyələnib. Cüdoçumuz 2017-ci ildə Varşavada, 2022-ci ildə isə Sofiyada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ondan fərqli, Rəşid Məmmədəliyev yarışa 1/32 finaldan qoşulub. Cüdoçumuz startda Turpal Cukayevlə (Finlandiya) üz-üzə gəlib. Qalib gələn Məmmədəliyev ikinci görüşündə gürcüstanlı Laşa Şavdatuaşvili ilə qüvvəsini sınayıb. Rəşid məğlubiyyətə üzülüb və çempionatda çıxışını bitirib.
81 kq
Zelim Tçkayev 1/32 finalda Oskari Makinenlə (Finlandiya) qarşılaşıb və qalib gəlib. O, ikinci sınağında avstriyalı Şamil Borçaşvilini də mübarizədən kənarlaşdırıb. Tçkayevin 1/8 finalda rəqibi Dominik Ressel (Almaniya) olub. Təəssüf ki, idmançımız uğurlu seriyanı davam etdirə bilməyib. Rəqib qalib gəldiyindən Zelim yarışla vidalaşıb.
Qeyd edək ki, noyabrın 5-də başa çatacaq dünya çempionatına Azərbaycan yığması 9 çəkidə 9 kişi və 2 qadın cüdoçu ilə yollanıb. Onlardan ilk gün 5-i çıxışını mükafatsız bitirib.
Emin Ağa
İdman.biz