Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatında bu gün fərdi yarışlar başa çatıb.
İdman.biz xəbər verir ki, mundialın dördüncü günündə daha 4 çəki dərəcəsində ən güclülər bəlli olub.
Azərbaycan bu çəkilərdən 3-də təmsil olunub. Cüdoçulardan heç biri fəxri kürsüdə yer ala bilməyib.
Beləliklə, 4 gün davam edən dünya çempionatını Azərbaycan millisi 3 medalla bitirib. Yığmamızın heyətində Vüsal Qələndərzadə (73 kq) çempion tituluna yiyələnib. Nizami İmranovla (60 kq) Vüqar Talıbov (90 kq) ikinci yeri tutub.
Dünya çempionatı
7 oktyabr
Oğlanlar
+ 100 kq
Yığmamızın ən ağır çəkili cüdoçusu Ramazan Əhmədov 1/16 finalda İbrohimjon Elmuradovla (Tacikistan) güləşib. O, inamlı qələbə sayəsində mərhələ adlayıb. Əhmədov ardınca rumıniyalı Darius Georgeskunu və polşalı Qjeqoj Teresinskini məğlub edərək, yarımfinala yüksəlib. Təəssüf ki, cüdoçumuz finala gedən yolda türkiyəli İbrahim Tataroğluna uduzub.
Yığma üzvü bürünc medal uğrunda qardaş ölkənin digər təmsilçisi Minur Ertuğla qüvvəsini sınayıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb.
Qızlar
78 kq
Nərmin Əmirli dünya çempionatında mübarizəyə 1/16 finaldan qoşulub. O, startda Aya Qaballanı (Misir) məğlub etsə də, ardınca Eva Buddenkota (Almaniya) məğlub olub.
+78 kq
Nigar Süleymanovanın da ilk görüşü 1/16 finala təsadüf edib. Marselina Vranyes (Xorvatiya) üzərində qələbə qazanan cüdoçumuz 1/8 finalda yaponiyalı Mao Araiyə uduzub.
Qeyd edək ki, dünya çempionatında oktyabrın 8-də komanda yarışı keçiriləcək.
İdman.biz