Uğurlu məkan, güclü heyət və möhkəm komanda – TƏHLİL

Təhlil
3 Oktyabr 2023 14:26
209
Uğurlu məkan, güclü heyət və möhkəm komanda – TƏHLİL

Oktyabrın 4-8-də Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında dünya çempionatı keçiriləcək.

İdman.biz saytı xəbər verir ki, 68 ölkədən 541 (294 oğlan, 247 qız) idmançının qatılacağı turnirdə Azərbaycan yığması 15 nəfərlə təmsil olunacaq.

Mundiala yollanan komandamızı kifayət qədər güclü hesab edə bilərik. Bunu deməyə ilin arxada qalan 9 ayında göstərilən uğurlu nəticələr və heyət əsas verir. Yığmada yeniyetmələr və gənclər arasında son Avropa çempionatında fəxri kürsüyə yüksələnlər yer alıblar.

Gənclərin yarışında Nizami İmranov (60 kq) qitənin ən güclüsüdür. 66 kq-da Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) son Avropa çempionatında finaladək irəliləyiblər. Vüsal Qələndərzadə (73 kq), Omar Rəcəbli (81 kq) isə analoji yarışda 3-cü yeri tutublar. Hazırda yaxşı formada bu idmançıların Portuqaliyada da Azərbaycan bayrağını yüksəklərə qaldırması gözləniləndir.

Qız cüdoçulara gəlincə, Aydan Vəliyevaya ümidlər böyükdür. 52 kq çəkidə Avropa çempionatında bürünc medalçısının mundialda daha yüksək əyarlı mükafat qazanacağına inam böyükdür.

Bunlarla yanaşı, komanda yeniyetmələrdə uğurlu çıxışı ilə yadda qalan 2 cüdoçu ilə də güclənib. Ramazan Əhmədov (+100 kq) bu il keçirilən Avropa çempionatının qızıl, dünya çempionatının isə bürünc medalçısıdır. Onun Odivelasdan da uğurla qayıdacağına böyük ümidlər bəslənilir. Xədicə Qədəşova (52 kq) dünya çempionatında himnimizi səsləndirmək gücündədir. Adını cüdo tariximizə yazan idmançı bu il yeniyetmələr arasında keçirilən Avropa çempionatının bürünc, dünya çempionatının isə qızıl mükafatçısıdır. Təbii ki, heyətdə Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), Süleyman Əliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), İsmayıl Zamanov (90 kq), həmçinin komanda yarışlarında mübarizəyə qoşulacaq Pərvanə Abdullayeva və Kənan Nəsibov da böyük gələcək vəd edirlər. Onların da yarışda öz sözlərini deyəcəklərinə inam yüksəkdir. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, milli komandamız çox etibarlı və güclü heyətlə Portuqaliyaya yollanıb.

Odivelaş şəhərini millimiz üçün uğurlu məkan hesab etmək olar. Məhz bu il eyni məkanda keçirilən yeniyetmələrin Avropa çempionatında cüdoçularımız həm fərdi, həm də komanda yarışında 1-ci olublar.

Qeyd edək ki, yarışda ilk 3 gün fərdi yarışlar baş tutacaq. Oktyabrın 8-də isə qarışıq komandalar tatamiyə çıxacaq.

Emin Ağa

İdman.biz