Nazim Hüseynov: “SSRİ dövründə çempion olmaq çox çətin idi, amma indi...”

Xəbərlər
26 May 2024 09:38
812
Nazim Hüseynov: “SSRİ dövründə çempion olmaq çox çətin idi, amma indi...”

“Hidayət Heydərov bizim yetirməmizdir”.

Bunu İdman.bizə cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatında iştirak edən Azərbaycan millisinin çıxışını dəyərləndirib. Hüseynovun sözlərinə görə, o, mundialın qızıl medalını qazanan Hidayət Heydərovu uşaqlıqdan tanıyır: “O, Tərlan Həsənovun zalından çıxıb. Gənc yaşlarından Hidayətə bir sıra tövsiyələrim olub. Hazırda da Elnur Məmmədliylə işləyir. Qazandığı uğura isə hamımız sevinirik”.

Veteran cüdoçu bildirib ki, cənab Prezident İlham Əliyevin idmana və idmançılarımıza göstərdiyi diqqət və qayğının nəticəsidən milli dünya çempionatında tarix yazıb: “Bu cür nəticələr qazandığı üçün Azərbaycan Cüdo Federasiyasını təbrik edirəm. Mən Turan Bayramovdan da çempionluq gözləyirdim. Lakin son saniyələrdə yıxılması nəticəsində bunu əldən verdi. Elcan Hacıyev də qızıl medala namizəd sayılırdı. Çox yaxşı fəndlər edir. Dünya çempionatında kimdən qızıl medal gözləyirdimsə, Elcandan başqa hər biri ümidlərimi doğrultdu. Bir neçə cüdoçumuzun Olimpiya Oyunlarında çox yaxşı nəticəyə imza atacağına inanıram. Abu-Dabidə dünya çempionu olan Zelim Kotsoyevdən Olimpiada da çempionluq gözləyirəm. Fikrimcə, idmançının yaxşı nəticəsi onun düşdüyü rəqibdən də asılıdır. Dünya çempionatı Olimpiadadan da güclü bir yarışdır. Hər bir insana bu uğur nəsib olmur”.

Hüseynov 1993-cü ildə özünün dünya çempionatının finalında hakim haqsızlığı səbəbindən “qızıl”ı əldən verdiyini də xatırlayıb: “SSRİ dövründə çempion olmaq çox çətin idi. Amma indi idmançılarımız üçün bütün şərait yaradılır. Elxan Məmmədovdan sonra uzun müddət ərzində çempionumuzun olmamasının əsas səbəbi bu idman növündə stabil çıxış edən cüdoçumuzun olmamasıdır”.

Qeyd edək ki, Azərbaycan millisi BƏƏ-də dünya çempionatında 2 qızıl medal qazanmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.

Banuçiçək Hüseynli
İdman.biz