Hidayət Heydərovun zədəsi ilə bağlı FEDERASİYADAN İDMAN.BİZ-ə AÇIQLAMA

12 Sentyabr 2026 10:47
119
Hidayət Heydərovun zədəsi ilə bağlı FEDERASİYADAN İDMAN.BİZ-ə AÇIQLAMA

Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində zədələndiyi üçün çıxış edə bilməyən Hidayət Heydərovun son vəziyyəti ilə bağlı açıqlama verilib.

İdman.Biz-in sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, Olimpiya çempionunun zədəsi yüngüldür. Lakin tibbi heyət və məşqçilər korpusunun ortaq qərarına əsasən, idmançının riskə atılmaması üçün yarışda iştirak etməməsi məqsədəuyğun sayılıb.

Federasiyadan qeyd olunub ki, əsas məqsəd Hidayət Heydərovun qarşıdakı dünya çempionatına tam hazır olmasıdır.

Qeyd edək ki, Budapeştdəki “Böyük Dəbilqə” turniri Hidayət Heydərov üçün 81 kq çəki dərəcəsində ikinci beynəlxalq yarış olmalı idi. Cüdoçunun yeni çəkidə debütü iyunda Tsinqdaoda keçirilən Qran-pri turnirində baş tutub. O, həmin yarışda bürünc medal qazanıb.

Heydərov turnirdə üç qələbə əldə edib. Yarımfinalda avstriyalı Bernd Faşinqə uduzan cüdoçu üçüncü yer uğrunda görüşdə rusiyalı Eqor Suxoparova qalib gəlib.

Daha ağır çəki dərəcəsinə keçid çəki salmaqla bağlı yaranan problemlərdən sonra baş verib. İdmançı fevralda Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində çəki limitinə uyğun gələ bilməyib. İyunda isə eyni səbəbdən Ulan-Batorda keçirilən yarışa buraxılmayıb.

Azərbaycan Cüdo Federasiyası Heydərovun yeni çəki dərəcəsində çıxış etmək qərarını idmançının sağlamlığının qorunması və yarış təcrübəsinin artırılması zərurəti ilə izah edib.

Xatırladaq ki, Budapeştdəki “Böyük Dəbilqə” turnirinə sentyabrın 13-də yekun vurulacaq.

İdman.Biz