Azərbaycanın 11 cüdoçusu 29-31 oktyabr aralığında Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançılar doqquz çəki dərəcəsində çıxış edəcəklər. Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), kişilərdən Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.
Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 60 ölkədən 400-ə yaxın cüdoçu qatılacaq.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
