Cüdo üzrə gənclər arasında Düşənbədə keçirilən Qran-pri turnirinin ikinci və yekun günündə 25 oktyabrda Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) proqramına əsasən, yarış günü kişilərdə 81, 90, 100 və +100 kq, qadınlarda isə 70, 78 və +78 kq çəki dərəcələrini əhatə edəcək.
Ölkəmizi Məhəmməd Ağakişiyev (81 kq), Əli Qazıməmmədov (90 kq), Davud Namazlı, Canpolad Əliyev (hər ikisi 100 kq) və Ramazan Əhmədov (+100 kq) təmsil edəcəklər.
Məhəmməd Ağakişiyevin rəqibi Stanislau Alkhou (Belarus ), Əli Qazıməmmədovun rəqibi Saba Qvelesiani (Gürcüstan), Davud Namazlının rəqibi Hasan Nazriyev (Tacikistan), Canpolad Əliyevin rəqibi Məhəmmədobid Məhmərayimov (Özbəkistan), Ramazan Əhmədovun rəqibi isə Alibek Durdiyev (Özbəkistan) olacaq.
Davud Namazlı və Canpolad Əliyev qələbə qazanacaqları təqdirdə finalda üz-üzə gələcəklər.
Turnirin ilk günündə millinin 12 üzvü tatamiyə çıxıb, onlardan dördü medal uğrunda mübarizə aparıb. 57 kq çəki dərəcəsində Vüsalə Hacıyeva finala yüksəlib və polşalı Emilia Bielavskaya ilə görüşdən sonra gümüş medal qazanıb. Eyni çəkidə Xədicə Qədəşova bürünc medal uğrunda görüşdə özbəkistanlı Maftuna Əhmədova ilə qarşılaşıb və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 63 kq-da Hanna Zaytseva da bürünc medal qazanıb. Eyni çəkidə bürünc medal görüşünə çıxan Nilgün Rzayeva isə fəxri kürsüyə yüksələ bilməyib.
Dünya Cüdo Turuna daxil olan turnirdə 19 ölkədən 227 cüdoçu mübarizə aparır. Azərbaycan yarışa 17 cüdoçu ilə qatılıb.
