Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı: Millimizin heyətində kimlər yer alacaq? - İDMAN.BİZ-in İCMALI

20 İyul 2026 14:12
266
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı: Millimizin heyətində kimlər yer alacaq? - İDMAN.BİZ-in İCMALI

Bu il cüdo üzrə ən mühüm yarış heç şübhəsiz Bakıda keçiriləcək dünya çempionatı (4-11 oktyabr) olacaq. Evdə təşkil ediləcək mundialdan gözləntilər olduqca böyükdür. Azərbaycan millisi hələ ötən mövsümün sonlarından bu yarışa hazırlığa başlayıb və hazırda hazırlıq prosesinin həlledici mərhələsinə qədəm qoyub. İndi əsas məsələ yekun heyətin müəyyənləşdirilməsidir. Bu isə sentyabrın ortalarından tez baş verməyəcək.

İdman.Biz xəbər verir ki, dünya çempionatına hazırlıq işləri plan üzrə davam edir. Bir neçə gün əvvəl mundialın loqosu təqdim olunub, rəsmi təqdimat mərasimi keçirilib, iyulun 2-dən isə bilet satışı start götürüb. Yarışda 100 ölkədən 600-dən çox iştirakçının mübarizə aparacağı gözlənilir. Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri artıq iştirak ərizələrini də açıqlayıblar.

Heç bir şübhə yoxdur ki, Milli Gimnastika Arenasında keçiriləcək yarış ən yüksək səviyyədə təşkil olunacaq. Buna görə də hazırda millimizi daha çox idman tərəfi düşündürür. Ümumilikdə, Azərbaycan cüdoçuları Dünya Turunun mərhələlərində kifayət qədər uğurlu çıxış edərək ilin ortalarınadək 28 medal qazanıblar – 8 qızıl, 5 gümüş və 15 bürünc. Lakin xüsusilə doğma divarlar arasında keçiriləcək dünya çempionatı tamamilə fərqli səviyyəli sınaqdır və bunu həm idmançılar, həm də məşqçilər korpusu yaxşı anlayır. Buna görə də əsas məqsəd yarışa maksimum optimal formada yaxınlaşmaqdır.

Məhz buna görə də millinin baş məşqçisi Rixard Trautman bütün namizədlərin hazırlıq prosesini tam həcmdə keçməsini istəyir. Lakin böyük idmanın ayrılmaz hissəsi olan zədələr də nəzərə alınmalıdır. Bu yaxınlarda zədədən sonra Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Yaponiyada məşq edən Ömər Rəcəbli (81 kq) məşqlərə qayıdıblar. Vüsal Qələndərzadə (81 kq) isə zədəsini bərpa edir və onun tam hazır olması üçün bir qədər də vaxt tələb olunur. Komandanın əsas hissəsi isə hazırda Qusarda funksional hazırlıq üzərində çalışır.

Yarış təqvimi elə tərtib olunub ki, ilin ortasında yaranan təbii fasilə təlim-məşq toplanışları üçün ideal şərait yaradıb. Növbəti start avqustun sonunda Lozannada keçiriləcək Böyük Dəbilqə turniri olacaq. Sentyabrda isə Budapeştdə analoji yarış baş tutacaq. Məhz bu turnirlər Azərbaycan cüdoçuları üçün dünya çempionatı öncəsi son sınaq imkanı olacaq. Bundan sonra Trautman yekun heyəti müəyyənləşdirəcək. Nəzərə alsaq ki, kişi millisində cəmi doqquz yer var, böyük ehtimalla seçim ən yaxşı idman formasında olan cüdoçuların xeyrinə ediləcək.

Təbii ki, azarkeşləri daha çox maraqlandıran məsələlərdən biri də liderlərimizin – çəki problemi yaşayan Hidayət Heydərovun (73 kq) və Zelim Kotsoyevin (100 kq) dünya çempionatına hansı vəziyyətdə gələcəkləridir. Hər iki cüdoçunun aktivində Olimpiya Oyunları və dünya çempionatının qızıl medalları var. Lakin onlar da yenidən həmin qalibiyyət hissini yaşamağa can atırlar. Mövsüm ərzində hər ikisi artıq mükafatçılar sırasında yer alsa da, Bakıda keçiriləcək dünya çempionatı həm onlar, həm də bütün Azərbaycan cüdoçuları üçün xüsusi əhəmiyyət daşıyacaq.

İdman.Biz