Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov bu il iki yarışda çəkiyə düşə bilmədiyi üçün cəzalandırılıb.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.
ACF rəsmisi Hidayət Heydərovun çəkiyə düşə bilmədiyi üçün iki turnirdə iştirakına icazə verilməməsi məsələsinə də münasibət bildirib.
“Bizim qaydalar hamı üçün eynidir. Hər qayda pozuntusunun öz cəzası var. Bu, pul cəriməsi, təlim-məşq toplanışlarından və hazırlıq prosesindən kənarlaşdırılma ola bilər. Bununla yanaşı, yüngülləşdirici hallar da nəzərə alınır. İdmançı etdiyi səhvi başa düşürsə, bunu da qiymətləndiririk. Nizam-intizam bizim üçün çox önəmlidir.
Hidayətin çəkini niyə sala bilmədiyini müəyyən etmişik. Bu istiqamətdə onunla birlikdə işləyirik. Hər iki halda Hidayət Heydərova cəza verilib. Bunun nə olduğunu açıqlamaq istəmirik. Amma ən böyük cəzanı Hidayət Heydərov özünə verib. Onun ikiqat olimpiya çempionu olacağına şübhə etmirik”, - deyə Rəsullu bildirib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.
