“Gənc oğlan cüdoçulardan ibarət Azərbaycan millisi səhvlərinin üzərində işləməlidir”.
Bu barədə komandanın baş məşqçisi Rüstəm Alimli açıqlama verib.
Mütəxəssis Çexiyanın paytaxtı Praqada keçirilmiş Avropa Kuboku ilə bağlı fikirlərini bölüşüb.
“Komanda hesabında birinci yeri tutduğumuz üçün nəticədən razı ola bilərik. Heyətdə güclü idmançılar var. Amma yarışlarda bəzi cüzi səhvlər buraxırlar və bunlar bizi qızıl medalsız qoyur. Ümumi nəticə pis deyil. Avropa Kubokunda birinci olsaq da, səhvlərimiz var və onların üzərində işləməliyik. Turnirdə iki qızıl medal qazanmışıq. Amma hesab edirəm ki, bu say 5 ola bilərdi. Lider cüdoçularımızdan Məhəmməd Musayev səhvə görə məğlub oldu. Abil Yusubov final görüşündə tam üstünlüyə malik idi. Amma sonradan ipponla uduzdu. Turnirdə üçüncü yeri tutan Süleyman Şükürov əvvəlki Avropa Kubokunda mükəmməl çıxış edərək birinci yeri tutmuşdu. Amma bir aydan sonra özünü tam göstərə bilmədi. 81 kq-da Mehdi Abbasov və Cəsur İbadlının finalda üz-üzə gəlməsi bizi sevindirən məqamlardan biri idi”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
R.Alimli Monteneqroda keçiriləcək Avropa çempionatına hazırlaşacaqlarını söyləyib:
“Bakıya qayıtdıqdan sonra bir həftə istirahət olacaq. Daha sonra əsas heyətlə bağlı qərar verməliyik. Ardınca təlim-məşq toplanışları planlaşdırılır. Bu il əsas yarışımız Avropa və dünya çempionatıdır. Ötən il qitə çempionatında oğlanların yarışında komanda hesabında birinci yeri tutduq. Bu liderliyi qoruyub saxlamaq istəyirik. Dünya çempionatında bacardığımız qədər çox mükafata sahib çıxmaq niyyətindəyik. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə göstərək. Gənclər arasında ilk dəfə oktyabrda Düşənbədə Qran-pri keçiriləcək. Bu yarış da bizim üçün vacibdir. Həmin turnirə də əsas heyətlə yollanmağı planlaşdırırıq”.
Xatırladaq ki, Azərbaycan millisi Praqada keçirilmiş Avropa Kubokunu iki qızıl, dörd gümüş və üç bürünc olmaqla ümumilikdə doqquz medalla tamamlayıb. Yığma 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.
