Azərbaycanın gənc cüdoçulardan ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Kubokunda uğurlu nəticəyə imza atıb.
İdman.Biz Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ikinci günündə yığmamız aktivinə səkkiz medal yazdırıb.
Mehdi Abbasov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (81 kq), Canpolad Əliyev (100 kq) və Nərgiz Əhmədova (48 kq) yarışı gümüş medalla başa vurublar.
Süleyman Şükürov (90 kq), Davud Namazlı (100 kq) və Xədicə Qədəşova (57 kq) isə bürünc mükafata sahib çıxıblar.
Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kq) gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu iki qızıl, dörd gümüş və üç bürünc olmaqla ümumilikdə doqquz medalla tamamlayıb. Yekun nəticələrə əsasən, yığmamız 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.
