Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri üçün dan dərəcələri üzrə seminar və imtahan keçirilib.
İdman.Biz bildirir ki, iyunun 29-da başlayan proqram çərçivəsində ACF-in Təhsil şöbəsinin mütəxəssisləri İbrahim Aslanov və Elçin Mayılov iştirakçılara dan dərəcələrinin verilməsi qaydaları barədə məlumat verib, nəzəri və praktiki hazırlıq keçiblər. İyulun 3-də keçirilən yekun imtahanda tələbləri uğurla yerinə yetirən məşqçilərə qiymətləndirmənin nəticələrinə əsasən ACF tərəfindən müvafiq dan dərəcəsi üzrə sertifikat təqdim olunub.
Qeyd edək ki, dan seminarı və imtahanı Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq və məşqçi sertifikatlaşdırılması üçün zəruri mərhələlərdən biridir. Tədbirin məqsədi məşqçilərin dan sistemi üzrə bilik və bacarıqlarını qiymətləndirmək, həmçinin onların peşəkar inkişafını dəstəkləməkdir.
