Elxan Məmmədovun Dünya Çempionatında qızıl medal qazanmasından on il ötür və bu qələbə təkcə onun idmançı səyahətinin zirvəsi deyil, həmçinin Azərbaycan cüdosu üçün əlamətdar bir hadisədir.
2013-ci il avqustun 31-də E. Məmmədov Rio-de-Janeyroda Dünya çempionu titulunu qazandı. Bu tarixi nailiyyət sayəsində ilk dəfə Dünya çempionatında Azərbaycanın dövlət himni səsləndi, bayrağımız ən yüksəklərdə dalğalandı.
Azərbaycanın ilk və hələ ki yeganə Dünya çempionu Elxan Məmmədov əzmkarlıq, təvazökarlıq və cəsarət kimi keyfiyyətləri özündə birləşdirib. O, hər zaman dostlarının uğurlarına səmimi sevinc hissi duyub, onların çətinliklərinə kədərlənib və qarşısına çıxan maneələrin öhdəsindən gələrək məqsədinə nail olub.
E. Məmmədov mühüm hadisəni xatırlayaraq deyir:
"Dünya çempionu titulunu qazandığımdan on il keçir. Həmin gün yaddaşımda silinməz olaraq qalır. Yaş irəliləyir və elit idmanla vidalaşmalıyam fikirlərinə baxmayaraq, 31 yaşımda idman karyeramın zirvəsinə yüksəldim və Dünya çempionu oldum. Mən hər kəsə sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır. İdmançı əzmkarlığın, ruhən gücün, nizam-intizamın sahəsində yaxşı formada qala bilər.
Həmin gün mənim üçün çox gözəl və şərəfli idi, çünki tarixdə ilk dəfə Azərbaycan bayrağı Dünya çempionatında dalğalandı. Beynəlxalq turnirlərdə bir neçə dəfə mükafatlandırılsam da, Dünya çempionatı fərqli idi".
Elxan Məmmədov indi də yolunu əzmlə davam edir. Hazırda o, gənclərdən ibarət milli yığmanın baş məşqçisi vəzifəsində çalışır və hər gün gənclərin peşəkar idmançı kimi yetişmələrinə köməklik edir:
"Cüdo mənim həyatımdır. Mən indi karyeramı məşqçi kimi davam etdirirəm. Hər turnirə idmançılarnan bərabər hazırlaşıram və hər bir görüşünün həyəcanını onlar ilə birgə bölüşürəm. Bütün biliklərimi və təcrübəmi idmançılarla paylaşıram".
Gənc nəsli zəfərə doğru istiqamətləndirən Elxan Məmmədov uğur yolunda topladığı təcrübəsini paylaşır:
"Gənclərə uğura aparan yol haqqında bəhs edirəm. Bu yol nə qədər çətin olsa da, şərəfli yoldu, çünki sonu qalibiyyətdir. Gənclərə peşəkarlığı, nizam-intizamı və mənəvi və fiziki güclü olmağı öyrətməyə çalışıram. Cüdo təkcə idman növü deyil, həmçinin həyat tərzidir".
E. Məmmədovun idman karyerasına nəzər salsaq o, 2013-cü ildəki qələbəsindən savayı, 2010-cu ildə Tokiodakı Dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildəki Avropa çempionatının qızıl, 2008-ci ilin qitə birinciliyinin gümüş, 2009 və 2010-cu illərdə isə bürünc mükafatçısı olub.
İdman.biz