Cüdoda olimpiya təsnifat mərhələsinin startına düz bir ay qalır. Təsnifat iyunun 19-da Ulan-Batorda keçiriləcək Böyük Dəbilqə turniri ilə başlayacaq və Los-Anceles Olimpiadasına aparan seçmə mərhələnin tonunu müəyyən edəcək. Buna görə də bütün dövr ərzində reytinq turnirlərində xalların necə hesablanacağını nəzərdən keçirmək üçün ən uyğun zamandır.
İdman.Biz xəbər verir ki, ilin ortası xüsusilə cüdoçular üçün böyük əhəmiyyət daşıyacaq. Xüsusilə də oktyabrda Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan Azərbaycan millisi üçün. Həmin vaxta qədər Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə daha da gərginləşəcək. Çünki artıq hər böyük yarış həlledici əhəmiyyət daşıyacaq. Buna görə də qiymətli xalların hesablanmasına başlanılmazdan əvvəl dünya reytinqinin necə işlədiyini və idmançıların effektiv yarış strategiyasını hansı şəkildə qura biləcəyini qeyd etmək vacibdir.
Reytinq cədvəli Böyük Dəbilqə, Qran-Pri, Masters turnirləri, dünya və qitə çempionatları, eləcə də açıq qitə yarışlarındakı nəticələr əsasında formalaşdırılır. İdmançının hər nəticəsi ümumi reytinqə təsir göstərir. Lakin xallar müddətsiz hesab edilmir. Onların dəyəri zaman keçdikcə azalır. İlk 12 ay ərzində xallar 100 faiz qüvvədə qalırsa, bir ildən sonra onların əhəmiyyəti 50 faizə düşür. Daha iki ildən sonra isə həmin dövrdə qazanılmış xallar tamamilə silinir. Hesablama həftə nömrəsinə əsasən aparılır. Məsələn, yarış ilin 17-ci həftəsində keçirilibsə, növbəti ilin 18-ci həftəsində həmin xallar yarıyadək azalır, bir il sonra isə reytinqdən tam silinir.
Əgər iki və ya daha çox cüdoçunun reytinq xalları eyni olarsa, xüsusi prioritet sistemi tətbiq edilir. Üstünlük dünya çempionatlarında ən çox xal toplamış idmançıya verilir. Daha sonra Qran-Pri, Böyük Dəbilqə və Masters turnirlərindəki nəticələr nəzərə alınır. Bərabərlik yenə qalarsa, ayrı-ayrı turnirlərdəki ən yaxşı nəticələr müqayisə edilir - ən yüksək göstəricidən başlayaraq növbəti göstəricilərə doğru. Olimpiya təsnifatı ilə bağlı hallarda isə bərabərlik davam edərsə, yekun qərarı Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi verir.
Aydındır ki, Ulan-Batordakı Böyük Dəbilqə turniri yaxınlaşdıqca Dünya Turunun hər mərhələsi daha böyük əhəmiyyət kəsb edəcək. Gərginlik isə Bakıda keçiriləcək dünya çempionatında pik həddə çatacaq. Çünki burada yalnız titullar deyil, həm də son dərəcə vacib reytinq xalları uğrunda mübarizə gedəcək.
Yeri gəlmişkən, maraqlıdır ki, hazırda Azərbaycan millisinin cüdoçuları arasında reytinqdə ən yüksək pillədə - ikinci yerdə Uşanqi Kokauri (+100 kq) və Zelim Tçkayev (81 kq) qərarlaşıb. Olimpiya çempionları Zelim Kotsoyev (100 kq) və Hidayət Heydərov (73 kq) isə hələlik müvafiq olaraq üçüncü və beşinci pillələrdə yer alırlar.
Dünya Turunun medal sıralamasında Azərbaycan ilin əvvəlindən qazandığı altı qızıl, beş gümüş və doqquz bürünc medalla dördüncü yerdə qərarlaşıb.
