“Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında iki qızıl medal qazana bilərlər”.
Cüdo üzrə əməkdar məşqçi Tərlan Həsənov milli üzvlərinin bu yarışda çox mükafat qazana biləcəyini proqnozlaşdırıb.
“Məncə, cüdoçularımız iki qızıl medal qazana bilərlər. Amma düşünürəm ki, digər mükafatlarımızın da sayı çox olacaq. Milli komanda yarışa çox yaxşı heyətlə yollanıb”, - deyə o, report.az-a açıqlamasında deyib.
T.Həsənov kişilərdən ibarət komandanın üzvləri haqqında danışıb:
“60 kq-da Balabəy Ağayev və Əhməd Yusifov mübarizə aparacaqlar. Hər ikisi güclü idmançıdır. Son yarışda ikisi finalda üz-üzə gəlmişdilər. Hər ikisindən mükafat gözləyirəm. 66 kq-da Ruslan Paşayev zədə səbəbindən yarışa yollana bilmədi və Turan Bayramov onu əvəzlədi. Gələcəyin parlaq ulduzudur. Çox yaxşı formadadır. Məncə, o da medal götürə bilər. 73 kq-da tələbəm Hidayət Heydərov tatamiyə çıxacaq. Son iki həftədə məşqlərində mən də iştirak etmişəm. Daha əvvəl əsas problemi çəki ilə bağlı olub. Mən də hazırda Gürcüstana yollanıram. Cüdoçular dünən gediblər. Hidayət çox istəklidir. Beşinci dəfə Avropa çempionu olmaq niyyətindədir. Ötən il alınmadı, yarışa 2-3 qalmış xəstələndi və yarışa qatılmadı. Hərçənd yaxşı hazırlaşmışdı”.
Əməkdar məşqçi 81 kq-dakı Zelim Tçkayev və Ömər Rəcəblinin də mükafatçılar sırasına düşmək şansının olduğunu vurğulayıb:
“90 kq-da digər tələbəm Murad Fətiyev mübarizə aparacaq. Onun da medal qazancağına ümid edirəm. Son Avropa çempionatında üçüncü yeri tutub. Hazırda çox istəklidir və turnirə ciddi hazırlıq görüb. Məncə, bu şansı buraxmayacaq. Çəkidə iki gürcü idmançı var. Onlarla da güləşə bilər. 100 kq-dakı Zelim Kotsoyevdən də medal gözləyirik. +100 kq-da Kənan Nəsibov gənc cüdoçumuzdur. Son yarışlarda çox yaxşı nəticə göstərir. İlk dəfə böyüklər arasında Avropa çempionatına qatılır. Amma yaxşı formadadır. Ona da inanıram”.
Qeyd edək ki, aprelin 16-da start götürəcək Avropa çempionatı 19-da başa çatacaq.
