Abşeronda 691 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparacaq

13 Aprel 2026 15:09
278
Abşeronda 691 yeniyetmə cüdoçu medal uğrunda mübarizə aparacaq

Aprelin 18-19-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının İkinci turu keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək yarışda 94 klub və idman cəmiyyətindən 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-14 Liqa yarışının üç turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş iki yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.

İdman.Biz