İlin əvvəlindən cüdo üzrə Dünya turunun dörd mərhələsi keçirilib və Azərbaycan millisi bu yarışlarda yüksək nəticələr göstərib.
İdman.Biz xəbər verir ki, Paris, Daşkənd və Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirləri, eləcə də Linsdə(Avstriya) baş tutan Qran-prinin yekunlarına əsasən, idmançılarımız altı qızıl, dörd gümüş və altı bürünc medal qazanıblar. Oktyabrda Bakının dünya çempionatına ev sahibliyi edəcəyini nəzərə alsaq, tataminin gələcək sahibləri mövsümə olduqca yaxşı başlayıblar.

Bir neçə idmançının məhsuldar çıxışı xüsusi diqqət çəkir. İlk növbədə, Ruslan Paşayev (66 kq) Parisdə üçüncü olub, daha sonra isə Avstriyada qələbə qazanıb. O, finalda braziliyalı Ronaldu Limanı məğlub edərək reytinqdə beşinci pilləyə yüksəlib.
Bu çəkidə ona rəqabət yaradanlardan biri də kateqoriyanı dəyişən Turan Bayramovdur. O, Tbilisidən gümüş medalla qayıdıb.
İlin əvvəlindən iki “Böyük dəbilqə” medalı qazananlardan biri də Balabəy Ağayevdir (60 kq). O, karyerasında üçüncü dəfə Parisdə qalib gəlib, daha sonra Daşkənddə gümüş medal əldə edib. Finalda komanda yoldaşı Əhməd Yusifova uduzan cüdoçu reytinqdə üçüncü pilləyə yüksəlib və liderliyə iddialıdır.
Ən ciddi daxili rəqabət isə 81 kq çəki dərəcəsində müşahidə olunur. Bu kateqoriyada üç idmançımız müxtəlif turnirlərdə medal qazanıb. Onların arasında Ömər Rəcəbli Daşkənddə çempion olub, Lins şəhərində(Avstriya) keçirilən Qran-pridə isə üçüncü yeri tutub. Vüsal Qələndərzadə Avstriyada finala yüksəlib, Zelim Tçkayev isə Parisdən bürünc medalla qayıdıb. Həm Tçkaev, həm də Rəcəbli dünya reytinqinin ilk onluğunda yer alır və məşqçilər heyəti onlara gələcəkdə də şans verəcək.
Murad Fətiyev (90 kq) da yaxşı forma yığıb. O, Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirinin finalında ikiqat Olimpiya çempionu Laşa Bekauri üzərində qələbə qazanaraq diqqət çəkib. Daha əvvəl üç dəfə məğlub olduğu rəqibini bu dəfə yenən Fətiyev 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaq niyyətindədir.
+100 kq çəki dərəcəsində də maraqlı vəziyyət yaranıb. Kənan Nəsibov ötən ilin sonunda Zaqrebdə Qran-prinin qalibi olub, U-23 Avropa çempionu adını qazanıb və Limada bürünc medal əldə edib. Bu mövsüm isə Daşkənddə qalib gələrək reytinqdə 10-cu pilləyə yüksəlib. Camal Qəmzətxanovun aktivində isə Daşkənd və Linsdən iki bürünc medal var. Buna baxmayaraq, ən yüksək mövqedə olan cüdoçumuz hələlik medal qazana bilməyən Uşanqi Kokaudir - o, yeddinci pillədə qərarlaşıb.
Tanınmış idmançılarımızdan Zelim Kotsoyev (100 kq) Daşkənddə, Hidayət Heydərov (73 kq) isə Tbilisidə bürünc medal qazanıb. Olimpiya çempionlarımız hələlik optimal formaya düşmək mərhələsindədir və reytinq xalları toplamağa davam edirlər. Onların əsas məqsədi Bakıda keçiriləcək dünya çempionatına ən yaxşı vəziyyətdə çatmaqdır.

Qeyd edək ki, Dünya turunun ümumi sıralamasında Azərbaycan aıtı qızıl, dörd gümüş və altı bürünc medalla üçüncü pillədə qərarlaşıb. Millimiz yalnız Yaponiya (13-8-17) və Fransa (7-4-11) komandalarından geri qalır.
